1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan idmanının LeG(R)İOnerləri - TƏHLİL
Son vaxtlar ölkə idmanında ən aktual məsələ legioner axınıdır. Elə bir növ tapmaq olmaz ki, orada milliləşmiş legionerlərin xidmətindən istifadə olunmasın.
Bu, hər tsiklın sonunda, yəni olimpiya lisenziyalarının müəyyənləşdiyi dövrdə özünü daha çılpaq şəkildə biruzə verir. Müstəqi ölkə olaraq qatıldığımız ilk olimpiadadan bu yana say silsilə şəkildə artaraq, biabırçı hesab ediləcək rəqəmə çatıb. Hələlik 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı 57 idmançının təmsil edəcəyi dəqiqləşib. Onların nə az-nə çox - 56 faizi, başqa cür desək 32-si milliləşdirilmiş idmançılardır:
1. Olqa Senyuk (kamandan oxatma, Ukrayna)
2. Rostislav Pevtsov (triatlon, Ukrayna)
3. Olqa İsmayılova (velosiped idmanı, Belarus)
4. Yelena Pavluxina (velosiped idmanı, Belarus)
5. Maksim Şemberev (üzgüçülük, Ukrayna)
6. Patimat Abakarova (taekvondo, qadınlar 49 kq. Dağıstan, Rusiya)
7. Milad Beigi Harçeqani (taekvondo, kişilər 80 kq. İran)
8. Radik İsayev (taekvondo, kişilər, +80 kq. Dağıstan, Rusiya)
9. Oleq Stepko (idman gimnastikası, Ukrayna)
10. Petro Paxnyuk (idman gimnastikası, Ukrayna)
11. Marina Durunda (bədii gimnastika, Ukrayna)
12. Hayle İbrahimov (atetika, qaçış, Efiopiya)
13. Anna Skidan (atletika, çəkicatma, Ukrayna)
14. İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m. Ukrayna)
15. Valentin Demyanenko (kanoe, 200 m. Ukrayna)
16. Aleksandr Aleksandrov (akademik avarçəkmə, 2000 m. Bolqarıstan)
17. Boris Yotov (akademik avarçəkmə, 2000 m. Bolqarıstan)
18. Yure Meqliç (kanoe-slalom. Sloveniya)
19. Yana Alekseyevna (boks, qadınlar 60 kq. Ukrayna)
20. Albert Səlimov (boks, 60 kq. Dağıstan, Rusiya)
21. Lorenzo Sotomoyor (boks, 64 kq. Kuba)
22. Abdulqadir Abdullayev (boks, 91 kq. Dağıstan, Rusiya)
23. Məhəmmədrəsul Məcidov (boks, +91 kq. Dağıstan, Rusiya)
24. Saman Təhmasibi (yunan-Roma güləşi, 85 kq. İran)
25. Sabah Şəriəti (yunan-roma güləşi, 130 kq. İran)
26. Məhəmmədhacı Xatiyev (sərbəst güləş, 86 kq. Çeçenistan, Rusiya)
27. Xetaq Qazyumov(sərbəst güləş, 97 kq. Şimali Osetiya, Rusiya)
28. Cəmaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq. Dağıstan, Rusiya)
29. Mariya Stadnik (qadın güləşi, 48 kq. Ukrayna)
30. Anjela Doroqan (qadın güləşi, 53 kq. Moldova)
31. Yuliya Ratkeviç (qadın güləşi, 58 kq. Belarus)
32. Uşangi Kokauri (cüdo, +100 kq. Gürcüstan)
Başqa sözlə, 11 ukraynalı, 8 rusiyalı, 3 belaruslu, 3 iranlı, 2 bolqarıstanlı, 1 efiopiyalı, 1 sloveniyalı, 1 kubalı, 1 moldovalı, 1 gürcüstanlı...
Xatırlayırsınızsa, dörd il öncə London olimpiadasına yollanan 53 nəfərlik olimpiya yığmamızın sözügedən nisbəti təxminən 50-50 idi. Bu, yerli idmansevərləri, belə deyək, yarışdan küsdürmüşdü. 2 qızıl, 2 gümüş, 6 bürünclə tarixi nəticə qazanılsa da, ön plana məhz medalların 60 faizinin əcnəbilər tərəfindən qazanılması keçmişdi. Məsələ əsaslı tənqid olunurdu.
Ənənəvi növlərdə legionerlərə nə dərəcədə ehtiyac var?
Öncə bu suala cavab axtaraq. Güləş - olimpiadalarda ilk medal qazanılan növdür. Düz 64 il əvvəl klassik üsulla güləşən Rəşid Məmmədbəyov SSRİ yığmasının heyətində fəxri kürsünün ikinci pilləsinə qalxıb. Azərbaycanda güləş ənənələrinin başlandığı tarix isə bundan çox əvvəllərə dayanır. Yəni, bünövrəli orta statistik azərbaycanlının böyük maraq göstərdiyi növdür. Üstəlik, illərdir ki, federasiya tərəfindən "Hər ailədə bir güləşçi" devizi yaradılıb. Maddi-texniki bazasının zənginliyi ilə Azərbaycan Güləş Federasiyası ilk üçlükdədir. Ancaq gəlin görək, bu, yekun nəticədə öz əksini tapırmı?
Legionerlərin güləşə kütləvi axını yaxın on ildə başlayıb. 2007-ci ildə ölkəmizdə Pekin olimpiadasına lisenziya xarakterli dünya çempionatı keçirilərkən, hazırda yığmaların lideri hesab olunan idmançılar da daxil, 10-a yaxın əcnəbi debüt etdi. Sözügedən mundialda qazanılan medallardan 1-i də məhz onlardan birinin - Çamsulvara Çamsulvarayevin aktivində idi.
Ağır çəkidə idmançıların kasadlığı bizim üçün uzun müddətdir xarakterikdir. Ancaq yüngül və orta çəkilərdə kifayət qədər perspektivli pəhləvanlarımız həmişə olub. İndi də az deyil. Buna baxmayaraq bəhs olunan çəki dərəcələrində, əsasən sərbəst növdə olmaqla, yığmanın heyətində azı iki legionerin adına rast gəlirik. Ötən olimpiadada Azərbaycan tarixində döyüş növləri arasında Namiq Abdullayevlə ən uğurlu çəki hesab olunan sərbəst güləşin ekstra-yüngül çəkisində lisenziya qazanılmamışdı. Əsas yığma üzvü dağıstanlı legioner Mahmud Məhəmmədov və Yaşar Əliyev cəhdləri boşa çıxmışdı. Hazırkı tsikldə də 57 kq-da vəsiqə asanlıqla əldə olunmadı. Ancaq uğur məhz milli idmançının - Mircəlal Həsənzadənin adına yazıldı. Halbuki lisenziya turnirləri üçün çəkiyə Mahmuddan əlavə, daha bir əcnəbi 2013-cü ilin Avropa çempionu Georgi Ediraşvili gətirilmişdi. Hələ ki nəzərəçarpacaq şans qazanmayan gürcüstanlının olimpiadaya getməyəcəyi də dəqiqdir. Belədə o, nəyə lazım idi?
86 kq-da yığmanın olimpiya lisenziyası uğrunda gərgin rəqabət gedir. Ancaq onlardan biri də həmvətənimiz deyil. Tsikldəki müxtəlif turnirlərdə bu çəkidə azərbaycanlı gənclərə şans verilməmişdi. Bu halda belə vəziyyətin yaranması qaçılmaz idi. 97 kq və 125 kq çəki dərəcələrindəki vəziyyəti isə yuxarıda qeyd olunan səbəblərdən başa düşmək olar.
Yunan-Roma güləşində vəziyyət nisbətən yaxşıdır. Tsikl ərzində qazanılan Dünya Kuboku da daxil, mötəbər yarışlarda müşahidə olunan mənzərəni iranlı baş məşqçi Cəmşid Xeyrəbadinin 85 kq-da perspektivli İslam Abbasovu həmyerlisi Saman Təhmasibiyə qurban verməsini istisna etsək, uğurlu saymaq olar. Bu növdə aşağı dərəcələrdə nə gənclərdə, nə də əsas millildə legioner yer almır. Orta çəki dərəcələrində isə 80 kq-dək çəkilərdə mötəbər turnirlərdə həmyerlilərimiz mübarizə aparır.
Qadın güləşi, başqa sözlə desək, qadınların sərbəst güləşinə gəldikdə, bəli, istər ümumi, istərsə də milli tarixi kişi güləşindən bir xeyli sonralara dayanır. Ölkəmiz qadınların yarışında 10 ildən bir qədər çoxdur ki, çıxış edir. Amma bu illər ərzində Mariya Stadnik, Yuliya Ratkeviç səviyyəsində olmasa da, kifayət qədər arsenal toplamaq olardı. Yeniyetmə və gənclər millisində tsikl ərzində ona yaxın perspektivli yaş qruplarında keçirilən mötəbər yarışlarda nəticə qazanan yerli qızlar nəzərə çarpdı. Ancaq onlara əsas millidə şans verildimi? Yox! Adıçəkilən iki legionerin yer aldığı xaric, bütün çəkilərdə demək olar ki, hər il əcnəbi adlar dəyişdi. Yaxın dövrdəki praktikaya nəzər salaq: Dünya çempionu Həsən Əliyev, Avropa çempionu Elçin Əliyev, Olimpiya çempionu Toğrul Əsgərov məhz gənclər millisindən əsas yığmaya cəlb olunduqdan sonra ilk cəhdlərindəcə mötəbər turnirlərdə özünü maksimum sübut etmişdi (Toğrul 2010-cu ildə 18 yaşında ikən 55 kq çəki dərəcəsində dünya çempionatının gümüş medalını qazanmışdı). O şansı Türkan Nəsirova, Leyla Qurbanova, Almaz Ismaylovaya vermək olmazdımı? Düzdür, bəlkə də Stadnik və Ratkeviç kimi ciddi uğur qazanmayacaqdılar, amma ən azı, təcrübə toplamış olacaqdılar. Ən əsası, bu, onlar üçün yaxşı stimul olacaqdı.
Boksda legioner axını London olimpiadasınının tsiklındən başladı. Əldə olunan vəsiqələrin tən yarısı əcnəbilərdən gəldi. AİBA Pro Boxing seriyasında "Baku Fires" komandasının heyətində mübarizə aparan Məhəmməd Abduhəmidov, Soltan Migittionov və Məhəmmədrəsul Məcidovla birgə qadınların dünya çempionatında gümüş medalla fərqlənən Yelena Vstropova London rinqində mübarizə apardı. Bu ənənə Rio tsiklində daha da kök atdı. Hazırda qazanılan 11 lisenziyanın 5-i əcnəbilər tərəfindən əldə olunub. Avropa Oyunları da daxil, bir çox mötəbər yarışlarda əsasən legionerlə təmsil olunduq. 91 kq-dan yuxarı çəkidə Məcidovla nəinki rəqabət aparacaq, qarşısına çıxacaq boksçumuz məlum məsələdir ki, yoxdur. Eləcə də Azərbaycan qızlarını boksda görmək müşkül məsələdir. Yəni, bu iki amili istisna etməliyik. Eləcə də 91 kq çəki dərəcəsində həmyerlimiz Teymur Məmmədovun son uğursuzluqları, APB-dən milliyə cəlb olunan Abdulkadir Abdullayevə uduzması, bu səbəbdən çəki dəyişməsi də başadüşüləndir. Ancaq gəlin digər çəkilərə baxaq: 60 kq-da dağıstanlı, eks dünya çempionu Albert Səlimova, 64 kq-da kubalı Lorenzo Sotomayora ehtiyac vardımı? Düzdür, əsasən birinci olmaqla, hər iki boksçu özünü göstərə bilib. Amma bu, "nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım" məsələsinə oxşamırmı? Axı bu çəkidə müxtəlif yaş qruplarında özünü sübut edən Elvin İsayev, Avropa mükafatçısı Heybətulla Hacəliyev kimi həmyerlilərimiz yer alırdı. Tamamilə doğrudur, hər iki boksçu səviyyəcə bu legionerlərdən geri qalır. Xüsusən, Elvin İsayev Albert Səlimova yaxın düşməz. Amma o, nə yatdı ki, nə də yuxu görsün... Nə şans qazandı ki?
Bu baxımdan cüdonu yaxşı mənada fərqləndirmək, hətta nümunə də göstərmək olar. Eks-federasiya prezidenti Füzuli Ələkbərov bu məsələyə xüsusi diqqət yetirirdi. Bunun nəticəsidir ki, hazırda cüdo deyiləndə bir legionerin - əsas yığmada ən ağır çəki dərəcəsində yer alan gürcüstanlı Kokauri Uşanqinin adı çəkilir. İstər yeniyetmələrdə, istərsə də gənclər millisində əcnəbi cüdoçu yoxdur. Ümid edək ki, hazırkı rəhbərlik də bu ənənəni davam etdirəcək.
Taekvondodakı vəziyyət isə son tsikldə çılpaqlaşdı. Londona qədər nadir hallarda legionerlərə rast gəlinirdisə, hazırkı yığmanın arsenalının böyük hissəsini əcnəbilər təşkil edir. İlk dəfə, özü də 3 nəfərlə olimpiadada legioenerlə təmsil olunacağıq. Ancaq burdakı vəziyyəti hardasa başa düşmək olar. Medal qazanılmayıb, həmçinin 80 kq çəki dərəcəsindəki həmyerlimiz zədə səbəbindən tsikli boşa verib, 87 kq-da Radik İsayevlə müqayisə olunacaq taekvondoçumuz yoxdur. Eləcə də qadınlardan Patimat Abakarovanın yer aldığı 49 kq-da ciddi yerli ad nəzərə çarpmır. Amması və əmması odur ki, ölkədə döyüş növləri arasına kifayət qədər populyar olan taekvondoda bu illər ərzində yüksək diqqətə müvafiq nəticə qazanan yerli taekvondoçular yetişməyib.
Atıcılıqda Zemfira Meftəhəddinova və İradə Aşumovadan sonra ciddi nəticəmiz yoxdur. Növdəki lisenziyanın "wild kart" sayəsində qazanılması bu növdəki vəziyyətin hansı səviyyədə olduğundan xəbər verir.
Ağırlıqqaldırmadakı vəziyyət isə hamıya məlumdur. Odur ki, bunun üstündə çox dayanmayaq. Sadəcə onu deyək ki, burda hər şeydən öncə bütün struktur dəyişməlidir.
Digər növlərdə niyə yerli idmançını samanlıqdakı iynə kimi gəzirik?
Bu növlər nə qədər qeyri-ənənəvi hesab edilsə də, federasiyaların faəliyyəti kifayət qədər uzun tarixə dayanır. Məsələn, Azərbaycan Milli Avarçəkmə Federasiyası 2006-cı il dekabrın 9-da təsis edilib. Bakıda maddi-texniki bazası olmasa da, Mingəçevirdə uzun illərdir ki, "Kür" Olimpiya Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir. 2010-cu ildə də ən müasir standartlarla yenidənqurma işləri aparılıb. Amma bu illər ərzində olimpiadaya lisenziya qazanacaq bir nəfər də olsa, yerli idmançı yetişməyib. Aşağı yaş qruplarında qazanılan nəticələr də daxil, bütün uğurlar əcnəbilərin adı ilə bağlıdır. Bütün yaş qrupları üzrə birlikdə yarışlarda 100-dən çox idmançı iştirak edir ki, bunun böyük qismi də, təbii ki, yerlilərdir. Amma yerli avarçəkənlərin təhsil, praktiki məşqləri hər dəfə Mingəçevirdə etmələri ilə bağlı problemlər mövcuddur.
Eləcə də birbaşa Milli Olimpiya Komitəsinin nəzdində faəliyyət göstərən atletika bu qəbildən tənqid olunmalı növlər siyahısına daxildir. Düzdür, bu növdə dünya səviyyəli idmançıların yetişdirilməsi asan məsələ deyil. Amma Azərbaycan coğrafi xüsusiyyətilərinə görə, atletikada müəyyən səviyyəyə çatacaq idmançı yetişdirmək üçün kifayət qədər münasib ölkədir. Sadəcə, qolu çırmalayıb əməli işə keçmək lazımdır.
Triatlon, oxatma və velosiped idmanına bu məsədələ hələlik, belə desək, güzəştə getmək olar. Çünki sözügedən növlər bizim üçün yenidir. Bu mənada onların fəaliyyətinə qiymət vermək üçün bir qədər gözləmək lazımdır.
Qısası, legionerlərin xidmətindən istifadə olunması ilk illərdə xarakterikdir, başa düşüləndir. Ölkədə növün səviyyəsi müəyyən həddə çatdıqdan sonra, ən əsası, ayrı-ayrı çəkilərdə xüsusi gərək duyulmursa, bu addım "hazıra nazir" söhbətindən başqa anlam kəsb etmir. Unutmayaq ki, ölkədə idmanın səviyyəsi legionerlərlə qazanılan medallarla yox, onun daxili potensialı ilə ölçülür.
Sahib ƏSƏDBƏYLİ
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb.