1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Taekvondoda ilk olimpiya medalı gözləntiləri - LAYİHƏ
XXXI Yay Olimpiya Oyunlarının startına artıq sayılı günlər qalıb. Bir çox növlər üzrə nəzərdə tutulmuş lisenziyaların böyük hissəsi qazanılıb. Azərbaycan idmançıları da artıq potensial vəsiqələrin çoxunu əldə edib.
Taekvondoçularımız isə mümkün lisenziyaların hamısını qazanıb. Müxtəlif reytinq yarışlarında, o cümlədən, dünya çempionatı və Avropa Oyunlarındakı qalibiyyətlərlə "Rio-2016" vəsiqəsini həll edən Radik İsayevin ardından daha üç dayanq ustamız - kişilər arasında 80 kiloqram çəki dərəcəsində yer alan Milad Beiqi Harçeqani, qadınlardan isə müvafiq olaraq, 49 və 67 kq çəki dərəcələrindəki Patimat Abakarova və Fəridə Əzizova bu vəzifənin öhdəsindən gəlib. Hər üç təmsilçimiz Türkiyənin İstanbul şəhərində keçirilmiş Avropa Təsnifat Turnirinin qalibi olmaqla bu uğura imza atıb.
Taekvondo idman növü olimpiadanın proqramında təmsil olunan növlər arasında ən gənclərindən sayılır. Vətəni Cənubi Koreya hesab olunan sözügedən növ ilk dəfə 1988-ci ildə Seul Yay Olimpiya Oyunlarının proqramına nümunəvi növ kimi daxil edilib. "Sidney-2000"dən rəsmən olimpiada proqramında yer alan taekvondada ilk iştirakımız 2004-cü ilə təsadüf edir. Həmin il Rəşad Əhmədov və dünya çempionu Niyaməddin Paşayev ölkə tarixində bir ilk müəyyənləşdirib. Növbəti il yenidən Rəşad, Londonda isə Fəridə Əzizova və Ramin Əzizovla təmsil olunmuşuq. Ancaq təəssüf ki, hər üç halda medal qazanılmayıb. Bu səbəbdən "Rio-2016" taekvondo ustalarımız üçün ikiqat əhəmiyyətlidir.
Geridə qalan tsiklə nəzər saldıqda görərik ki, bunun üçün kifayət qədər potensial var. Əvvəlkilərlə müqayisədə nəzərəçarpacaq yüksəliş hiss olunan bu dördillikdə təmsilçilərimiz dünya çempionatları və "Bakı 2015" I Avropa Oyunları, qitə çempionatı, eləcə də Qran Pri və digər seriyadan olan beynəlxalq turnirlərdə ciddi uğurlar qazanıb. Taekvondo millimiz 2013-cü ildə keçirilmiş dünya çempionatını 2 bürünc medalla 18-ci, 2014-cü ildə paytaxtımızda təşkil olunan Avropa çempionatını 1 qızıl, 4 bürünc medalla ümumkomanda hesabında beşinci sırada başa vurub. 2015-ci il isə daha məhsuldar keçib. İlk olaraq mayda dünya çempionatına qatılan komandamız 14 illik qızıl həsrətinə son qoyub. Bu uğur 87 kiloqram çəki dərəcəsində mübarizə aparan, yuxarıda qeyd etdiyimiz Radik İsayevin adına yazıldı. Bir ay sonra "Bakı 2015"də təmsilçilərimiz arasında ən uğurlulardan biri məhz taekvondoçularımız olub. Qazanılan 3 qızıl, 1 gümüş və 1 bürünc medal Azərbaycan yığmasının ümumi nəticəsində - 1-ci yeri tutmasında mühüm rol oynayıb. Bundan başqa, Reza Mehmandustun baş məşqçi kimi çalışdığı kişi yığmamız Meksikanın paytaxtı Mexikoda keçirilən Dünya Kubokunu da qazanıb.
Patimat Abakarovanın çıxışlarına nəzər yetirdikdə, getdikcə artırdığı hiss olunur. 2013-cü ildən böyüklər arasında mübarizə aparan təmsilçimiz həmin il yalnız "Bahrain Open"də üçüncülüklə yadda qalıb. Növbəti il bu seriyadan olan daha iki yarışda fərqlənən Abakarovanın əsas nəticəsi, şübhəsiz ki, Avropa Oyunlarında əldə etdiyi üçüncülükdür. 2015-ci ildə bir neçə seriyadan olan turnirlərdə fərqlənən, o cümlədən, Hərbçilərin Dünya Oyunlarında birincilik qazanan atletimiz çəki dərəcəsində reytinq xallarını xeyli artırıb.
Abakarovanın "Rio-2016"da əsas rəqibləri sırasında 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, üçqat Avropa çempionu, Avropa Oyunlarında fəxri kürsünün üçüncü pilləsində birgə dayandığı təcrübəli xorvatiyalı Lusia Zaninoviçi, çinli ikiqat olimpiya çempionu Vu Jinqyunu və son dünya çempionu, cənubi koreyalı Ha Min-Ahı göstərmək olar. Serbiyalı Tijana Boqdanoviç və Rusiya təmsilçisi Svetlana İqumenovanı da hesabdan silmək olmaz.
Fəridə Əzizova hazırda Azərbaycan qadın taekvondosunun bir nömrəsi hesab edilir. Son illər qazandığı uğurlarla dünya taekvondosunda nüfuz qazanan 21 yaşlı Əzizova "Rio-2016"ya iddialı yollanır. 17 yaşında ikən ölkə tarixində bir ilk müəyyənləşdirən - olimpiadaya lisenziya qazanan taekvondoçumuz maksimum nəticə üçün çalışacaq. Geridə qalan tsikl da Əzizova üçün kifayət qədər uğurlu keçdi. O, "Open" və Qran Pri seriyasından olan turnirlərin dəfələrlə qalib-mükafatçısı olub, dünya və Avropa çempionatlarının bürünc, Avropa Oyunlarının gümüş medalını boynundan asıb. Çəkisində retinq cədvəlində ilk beşlikdə olan Əzizova üçün əsas rəqib teypeyli son dünya çempionu Çia-Çiadır. O rəqib ki, təmsilçimizin onunla görüşlərinin statistikası qətiyyən ürəkaçan deyil. Bu baxımdan, "Bakı 2015"in finalında yenildiyi Rusiya təmsilçisi Anastasiya Barışnikovanı da qeyd etmək olar. O da arzuolunmaz rəqiblərdən hesab edilir. Eləcə də türkiyəli əzəli rəqib Nur Tatar və ABŞ taekvondoçusu Peyc Makpersonu qeyd etmək lazımdır.
Milad Beiqi Harçeqaninin yığmaya cəlb edilməsi iki il olmasa da, özünü yetərincə sübut edə bilib. İştirak etdiyi bütün yarışlarda əsasən birincilik qazanan 25 yaşlı taekvondoçumuzun əsas uğuru I Avropa Oyunları ilə bağlıdır. Rusiyalı dünya ikincisi Albert Qaunu məğlub etməklə qızıl medal qazanan Harçeqaninin texnikası turnirdə ən yaxşılar sırasında idi. Hazırda kifayət qədər yüksək formada olan Milad üçün əsas maneə dedikdə ilk yada düşən həmvətəni Mehdi Xudabaxşi və Böyük Britaniya təmsilçisi Aaron Kukdur.
Radik İsayev isə hazırda çəkisinin lideri hesab olunur. Avropa Oyunları da daxil olmaqla iki dəfə qitənin əsas yarışının, qızıl, mundialın bürünc və qızıl medalalrını qazanan 87 kiloqram çəkili atletimiz Rio-de-Janeyroya əsas favorit kimi yola düşür. Bu mübarizədə İsayevin əsas rəqibi kimi kubalı, Çelyabinsk mundialında dramatik görüş sonrası yendiyi 2013-cü ilin dünya çempionu Rafael Kastilyonu və rusiyalı Vladislav Larinin adllarını çəkmək olar.
Göründüyü kimi, taekvondoçularımızın səviyyəsi XXXI olimpiadada minimum medal qazanacağımıza böyük ümid yaradır. Radik İsayevi əsas "qızıl" ümidi kimi göstərmək olar. Fəridə Əzizova ilə Milad Beigi Harçeqaninin medal şansları kifayət qədər yüksəkdir. Patimat Abakarovayə gəldikdə, böyüklər arasında yarış təcrübəsinin azlığı gərgin mübarizə şəraitində, bir-birindən titullu, təcrübəli taekvondoçular arasında keçəcək mübarizədə medalçılar sırasına düşməsinə mane ola bilər
Sahib ƏSƏDBƏYLİ
"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"