Bu gün Bakıda ilk dəfə şahmat üzrə Dünya Kuboku start götürüb. Sportnet.az-ın məlumatına görə, nüfuzlu yarışda ümumilikdə 45 ölkədən 128 zəka sahibi iştirak edir.
Onlardan 6-sı Azərbaycanı təmsil edir. Rauf Məmmədov, Eltac Səfərli, Vasif Durarbəyli və Teymur Rəcəbov yerli Təşkilat Komitəsinin namizədi qismində iştirak hüququ qazanıb. Şəhriyar Məmmədyarov FİDE-nin (Beynəlxalq Şahmat Federasiyası) son ilinin orta elo göstəriciləri əsasında, Qədir Hüseynov isə FİDE prezidentinin namizədi kimi Dünya Kubokunda çıxış edir.
Onlardan 3-ü qələbə, 3-ü heç-heçə əldə ediblər. Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədov qələbə, Teymur Rəcəbov, Eltac Səfərli və Vasif Durarbəyli isə heç-heçə ilə ayrılıb. Onların eyni rəqiblərlə 1/64 final mərhələsindəki cavab görüşləri sentyabrın 12-də saat 15:00-da başlanacaq.
Turnirdə Azərbaycanı iki hakim təmsil edir. Faiq Həsənov baş hakim qismində çıxış edir. Lütfiyar Rüstəmov isə görüşlərə nəzarət edir.
Dünya Kubokundakı zəka sahiblərindən 4-ü Ermənistanı təmsil edir. Bunlar Levon Aronyan, Qabriyel Sarkisyan, Hrant Melkumyan və Samvel Tеr-Saakyandır.
Qeyd edək ki, final görüşü oktyabrın 4-də saat 15:00-da, bağlanış mərasimi ertəsi gün eyni saatda olacaq. Dünya Kubokunun ümimi mükafat fondu 1 milyon 600 min dollar təşkil edir. Müqaviləyə əsasən, bu vəsaiti Azərbaycan tərəfi ödəyəcək. Məbləğin 20 faizi FİDE-yə gedəcək. Qalib şahmatçı 96 min dollar, finalçı 64 min dollar, yarımfinalda uduzanlar hərəyə 40 min dollar, 1/4 finalda uduzanlar hərəyə 28 min dollar, 1/8 finalda uduzanlar hərəyə 20 min dollar, 1/16 finalda uduzanlar hərəyə 4800 dollar qazanacaq.
Azərbaycan şahmatçılarının ilkin mərhələdəki görüşlərinin və mərhələ keçəcəkləri təqdirdə, 1/16 finalda qarşılaşacaqları cütlərin nəticələri:
Teymur Rəcəbov - Samuel Sevyan (ABŞ) - 1/2:1/2Romen Eduard (Fransa) - İlya Smirin (İsrail) - 0:1
David Navara (Çexiya) - Tamir Nabati (İsrail) - 1/2:1/2
Qədir Hüseynov - Maksim Matlakov (Rusiya) - 1:0
Fabiano Karuano (ABŞ) - Amir Zaibi (Tunir) - 1:0
Rauf Məmmədov - Yevgeni Nayer (Rusiya) - 1:0
Şəhriyar Məmmədyarov - Puya İdani (İran) - 1:0
Rafael Duaylibe Leytao (Braziliya) - Yifan Hou (Çin) - 1/2:1/2
Uesli So (ABŞ) - Parham Maqsudlu (İran) - 1:0
Eltac Səfərli - Çaba Baloq (Macarıstan) - 1/2:1/2
Samvel Ter-Sahakyan (Ermənistan) - Nikita Vityuqov (Rusiya) - 1/2:1/2
Le Quanq Liem (Vyetnam) - Vasif Durarbəyli - 1/2:1/2