
İtaliyanın "İl Napolista" nəşrində dərc olunan "Boban, qəhrəmən, çempion və idman adamı" başlıqlı yazıda Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki barədə də fikirlər əksini tapıb. Sportnet.az-ın məlumatına görə, məqalədə xorvatiyalı mütəxəssisin sabiq komanda yoldaşı Zvonimir Bobanla hələ də yaxın dost olduğu bildirilir.
Qeyd olunur ki, Prosineçki 1986-cı ildə Zaqreb "Dinamo"suna gələrkən, özü ilə pis vərdişlər gətirib: "Gəncliyində sarışın kimi tanınan Robertin vərdişləri idmandankənar idi. Prosineçki hələ 12 yaşından dəli kimi siqaret çəkirdi".
Yazıda bildirlir ki, məhz belə vərdişlərin Bobana da keçməsi gələcəkdə öz fəsadlarını göstərib. 13 may 1990-cı ildə "Dinamo"nun Zaqrebdə Serbiyanın "Srvena Zvezda" komandası ilə oyunu zamanı azarkeşlər tribunada yanğın törədib. Azarkeşlər arasında baş verən toqquşmaya polislər müdaxilə edib. Bosniyalı polis "Dinamo" fanatını vurduqda isə Boban buna dözməyib və ona təpik atıb. Onu polislərin əlindən isə Zaqreb komandasının tərəfdarları və liderləri alıb. Gecəyədək davam edən toqquşma nəticəsində 147 nəfər həbs olunub, 138-i zədələnib.
Qeyd edək ki, Robert Prosineçkinin futbolçu olduğu vaxt siqaret çəkməsinə dair xəbərlər əvvəllər də dərc olunub. O, Bobanla birgə 1998-ci il dünya çempionatında Xorvatiya millisinin heyətində bürünc medal qazanıb.