
Çempionlar Liqasının II təsnifat mərhələsində Qazaxıstanın "Aktobe" və Gürcüstanın "Dinamo" komandaları arasında keçirilmiş cavab görüşünü azərbaycanlı hakimlər briqadası idarə edib. Sportnet.az-ın məlumatına görə, baş hakim Əliyar Ağayevə Zeynal Zeynalovla Namiq Hüseynov yan xətt hakimləri, Rauf Cabbarov isə 4-cü hakim qismində yardımçı olublar.
Aktobe şəhər mərkəzi stadionunda az öncə başa çatan qarşılaşmadan meydan sahibləri qalib ayrılıb - 3:0. Bütün qollar matçın sonlarında vurulub. 75-ci dəqiqədə Aleksey Antonov hesabı açıb. Bundan 7 dəqiqə sonra İqor Zenkoviç fərqi artırıb. Matçda son nöqtəni isə 5-ci uzatma dəqiqəsində Abat Aymbetov qoyub.
Ağayev matç ərzində "Dinamo"nun 5, "Aktobe"nin 2 futbolçusuna sarı vərəqə göstərib. Onlardan 2-si ilk yarıdan sonra meydanda baş verən kiçik toqquşma ilə əlaqədar olub. Referi Aleksey Muldarovla Xiskoya xəbərdarlıq edib.