"Bakı”nın prezidenti Hafiz Məmmədovun personası bu gün ölkə futbol ictimaiyyətində, bəlkə də, AFFA prezidenti Rövnəq Abdullayevdən də çox müzakirə olunur. Onun Fransa "Lans”ına sahib çıxması, İspaniya "Atletiko”suna sərmayə yatırması birmənalı qarşılanmır. Ölkə mediasında da Məmmədovla bağlı ciddi fikir ayrılığı yaranıb. Sportnet.az bu qütbləşmənin kökünündə nələrin dayanmasını araşdırmaq məqsədilə bir neçə idman yazarının mövqeyini öyrənib.
Həmkarlarımıza 2 sual ünvanlanıb:
1. Niyə "Bakı"nın prezidenti Hafiz Məmmədovun "Lans" və "Atletiko"da gördükləri işlərə münasibət birmənalı deyil?
2. Belə bir fikir formalaşıb ki, Məmmədovun əleyhinə yazılar dərc edən jurnalistlər reklamları kəsilən mətbu orqanlarının təmsilçiləri, "Bakı"ya dəstək olanlar isə paytaxt klubunun maliyyəsi sayəsində xarici səfərlərə yollanan və hələ də müxtəlif yollarla maddi dəstək alanlardır. Bu fikrə münasibətiniz necədir?
Rəşad Ergün, "Komanda” qəzetinin baş redaktoru:
1. Məmmədovun "Atletiko" və "Lans"la bağlı layihələrini dəstəkləyənlərlə yanaşı, bunu tənqid edənlərin də olmasını iki məqama bağlamaq olar. Birincisi, Azərbaycanda insanların sosial problemləri yetərincədir. Belə olduğu halda, onların hansısa varlı iş adamının xaricilərə milyonlar yedirtməsinə aqressiv yanaşmasını başa düşmək lazımdır. Ümumuyyətlə, ac adam çəpik çalmaz. İkincisi, Hafiz Məmmədovun prezidenti olduğu "Bakı"nın vəziyyəti göz önündədir. Onun öz komandası artıq uzun illərdir heç nəyə nail ola bilmir. Belədə Məmmədovun Fransa və İspaniyada yatırımlar edib, doğma klubuna bir gün ağlaya bilməməsi istər-istəməz ironiyaya səbəb olur.
2. Mən biləni, "Bakı" artıq uzun zamandır heç bir mətbu orqan ilə əməkdaşlıq etmir. Məncə, heç edə də bilməz. Çünki klubun öz futbolçularına da xeyli borcu var və bunu hamı oyunçuların mətbuata açıqlamalarından da oxuyur. Öz futbolçusuna məvacib verə bilməyən klub çətin ki, hansısa mətbu orqanına nəsə ödəsin. Ümumiyyətlə, reklam əməkdaşlığı oldu-olmadı, ilk gündən bizim qəzetin bu məsələdə mövqeyi belə olub ki, xarici klublara milyonları verməkdənsə, milyonları xərcləyib, bir azərbaycanlı futbolçunun xarici klubda oynamasına nail olmaq daha yaxşıdır. Mətbuatda məsələyə bu cür yanaşanlar da var. Amma ümumilikdə, çox təəssüf ki, Azərbaycan mətbuatında hər şey maddi maraqlar üzərində qurulub.
1. Bir az vulqar çıxa bilər, ancaq mövzuya paralel bir misal çəkim. Təsəvvür edin, öz evində tərbiyəsi normal olmayan, uşaqları təhsilsiz, uğursuz olan ata başqa ailənin tərbiyəsinə girişir. Sadəcə, pulu çoxdu deyə, ona səhv olduğunu deyən çox az olur. "Bakı" bərbad gündədirsə, Hafiz Məmmədov, istəyir, İngiltərədən, Almaniyadan klub alsın - ironik qarşılanacaq. Səbəblərin başında, məncə, budur. Əgər sən himayə elədiyin bir klubda maaşları 3-4 aydı verə bilmirsənsə, demək, "Lans", "Atletiko"ya verilən yatırımlar uğursuzdur. İqtisadiyyatda qoyulan kapital bəzən qısa, bəzən uzun vədədən sonra "dirilə" bilir. Mümkündür ki, Hafiz Məmmədovun adıçəkilən klublara yatırımı hardasa "dirilsin", ancaq hazırkı durumda o kapitaldan asılı olmayan "Bakı"da durum pisdirsə, deməli, Məmmədov bura çatacaq pulları da aparıb, oralara buraxıb. Yanlış seçimdir.
2. Hafiz Məmmədov da daxil olmaqla, 3-4 başqa klub rəhbəri də mediaya "reklam pulu" ayırır. Bu addıma görə onlara təşəkkür düşür. Çünki əslində, bunu bütün klublar etməlidir, ancaq yalnız onlar edir. Niyə bütün klublar? Çünki Azərbaycanda elektron KİV-in müstəqil fəaliyyətini əsaslandıran maddi baza yoxdur. Özəl şirkətlərin reklamının isə hansı KİV-lərə verilidiyini hamı bilir. Belədə, idman elektron KİV-i klubların reklam puluna möhtac qalır. Bu, bir növ, dotasiya mahiyyətli durumdur. Ancaq elə KİV-lər var ki, özünü reklama möhtac etmir. Təəssüf ki, əksəri edir. "FutbolPress" olaraq, biz bu yolu tutmamışıq. "Bakı" klubu ilə maliyyə tərəfdaşlığı 1 ildir dayanıb. Ancaq bu müddətdə montiorinq aparılsa, görünər ki, saytımızda 4, ya 5 dəfə Məmmədovun rəhbərlik elədiyi klub sərt tənqid olunub. Səbəblər də detalları ilə yazıda göstərilib. "Bakı" ilə reklam əməkdaşlığı olan müddətdə də o klubu daim tənqid hədəfində saxlamışıq. Çünki son 3 ili pis keçiriblər. Bu durumun yaranmasına səbəb məhz maliyyədir. Elə saytlar var, qeyri-peşəkardır. Onlar üçün fərqi yoxdur, doğrudur, yanlışdır, təki "vuran" məqalə olsun. Təəssüf ki, klubların əksəri də o reklam pulunu belə saytlara verir. Bu pis tendensiyanın qarşısını almaq yalnız genişmiqyaslı tədbirlər nəticəsində mümkündür. Pərakəndə şəkildə bu anarxiyanın qarşısı alınmaz. Peşəkarlar kənarda, qeyri-peşəkarlar isə ortada olacaq. Çünki, söhbət bataqlıqdan gedir.
Mahir Rüstəmli ("Futbol+” qəzetinin baş redaktoru)
1. Ölkə jurnalistlərinin müəyyən bir qisminin münasibətlərinin korlanması. Bildiyiniz kimi, "Bakı” əksər qəzet və saytlarla reklam əməkdaşlığını dayandırdı. Əvvəlcə Hafiz müəllimlə münasibətləri gözəl olan, hər addımında xeyirxah notlar axtaran mətbu orqanlarının təmsilçiləri belə, başladılar hər şeyə təftişçilik gözü ilə baxmağa. Bu da nəticədə münasibətlərin pozulmasına səbəb oldu və Məmmədovun "Lans” və "Atletiko” ilə bağlı təşəbbüsləri birmənalı qarşılanmadı.
2. Bizim qəzetdə Hafiz Məmmədova həm dəstək verən, həm də onun əleyhinə yazılar dərc olunub. "Futbol+” qəzetində ötən ilin payız aylarından etibarən Məmmədova dair heç bir reklam getmir, nə rəsmi, nə də qeyri-rəsmi hansısa şəkildə kassamıza ondan vəsait daxil olmur. O ki qaldı Məmmədovun "Lans” və "Atletiko”da gördüyü işlərlə bağlı şəxsi mövqeyimə, bu sual mənim üçün də maraqlıdır: necə olur ki, Fransa və İspaniyada uğur qazandığı halda, "Bakı”da heç bir nəticəyə imza ata bilmir? Görünən budur ki, başlıca problem Hafiz Məmmədovun xarakterindədir. Onun insanlara hədsiz etibar etməsi belə fəsadlara səbəb olur. İkinci məqam kimi "Bakı”da "Lans” və "Atletiko”dakı səviyyədə peşəkar kadrların olmamasıdır. Ancaq burda qeyd etmək yerinə düşər ki, həm Fransa, həm də İspaniya təmsilçisi zəngin ənənələrə sahib, oturuşmuş klublardır. Yəni "Bakı”nı "Lans” və "Atletiko” ilə tərəzinin bir gözünə qoymaq olduqca gülünc olardı.
Aydın Bağırov, Qol.az-ın baş redaktoru
1. Bəri başdan deyim ki, Azərbaycanın idman mediasında "Lanf of fire Azerbaijan” brendini ilk gündən dəstəkləyənlərdən biri mən olmuşam. Söhbət təkcə "Atletiko” və "Lans”ın oyunlara üzərində Azərbaycanın adı olan forma ilə çıxmasından, ermənilərin çoxluq təşkil etdiyi Lans şəhərinin stadionunun ən üst qatında bizim bayrağımızın dalğalanmasından getmir. Ortada diqqəti daha çox cəlb edən başqa fakt var ki, çox zaman bizimkilər bunun üstündən sükutla keçirlər. Adları çəkilən klublara əməkdaşlıq sayəsində indiyədək bizim bəlkə də 50-dək yeniyetmə futbolçumuz dünyanın ən nəhəng klublarından olan "Atletiko”da, bir vaxtlar Avropada yaxşı mənada ad çıxarmış "Lans”da təcrübə keçib. Onlar bunun səyəsində gələcəkdə həmin komandalarda oynamaq şansı da qazana bilər. İnanın ki, bu gün həmin proyektə qarşı çıxanların əksəriyyətinin ya bundan xəbəri yoxdur, ya da varsa belə, bunu görməzdən gəlirlər.
Ümumiyyətlə, "Azerbaijan Land of Fire” layihəsini müdafiə edənlərin sayı onun əleyhinə çıxanlardan dəfələrlə çoxdur. Amma biləsiniz ki, bu məsələni sosial şəbəkələrdə və daha çox siyasi mediada mənfi mənada gündəmə gətirənlərın mütləq əksəriyyəti nəyə görəsə məhz Azərbaycanın bügunku hakimiyyəti ilə problemi olan adamlardır.
Mən ifrat vətənpərvərlik anlayışını bir kənara qoyuram. Amma hansısa azərbaycanlının "Atletiko”ya məhz formasındakı Azərbaycan sözünə görə səmimi şəkildə, ürəkdən azarkeşlik etməsi, sevinc hislərini sosial şəbəkələrdə, mediada paylaşması nə vaxtdan və niyə saxta vətənpərvərlik olur? İnanın ki, "Atletiko”ya milyonlarla azərbaycanlı azarkeşlik edir və onlar heç də kimdənsə pul alaraq, hansısa təmənna qarşılığında bunu etmirlər. Yox, əgər bütün bunlar doğrudan da qeyri-səmimilikdirsə, onda mənə maraqlıdır, kimlərəsə acıq vermək üçün Dortmund "Borussiya”sında oynayan erməni Henrix Mxitaryana azarkeşlik etməyin adı nədir? Ermənilərdən söz düşmüşkən, bir dəfə yazmışdım, indi yenə o fikrimi təkrar etmək istəyirəm: "Atletiko”nun formasında Ermənistan yazılsaydı, onda nələr olardı? "Azerbaijan Land of Fire” layihəsinə qarşı çıxan həmin o adamlar Azərbaycan hakimiyyətinin, elə bu proyektin müəllifi olan Hafiz Məmmədovun yaxasından yapışacaqdı ki, ermənilər bu qədər işlər görürlər, bəs siz nə işlə məşğulsunuz?
2. Məndə olan məlumata görə, artıq neçə aydır Hafiz Məmmədovun prezidenti olduğu klubun heç bir sayt və qəzetlə nə rəsmi, nə də qeyri-rəsmi reklam əməkdaşlığı var: bu, həm onun əleyhinə yazanlara aiddir, həm də gördüyü işlərə dəstək verənlərə. Biz qol.az saytı olaraq, bir neçə başqa klub kimi, "Bakı” ilə əməkdaşlığı isə düz 1 il 6 ay əvvəl dayandırmışıq. Səfərlərə gəlincə, şəxsən mən özüm bu klubun iştirakı ilə xaricdə keçirilən oyunlarda və klubun dəstəyi ilə təşkil olunan digər səfərlərin heç birində iştirak etməmişəm. Yalnız bir dəfə, gərək ki, 2009-cu ildə bizim bir əməkdaşımız 20-dən çox jurnalistlə birgə "Bakı” ilə xaricdəki hansısa oyunda olub.
Qol.Az saytında və şəxsən mənim özümün yazılarımda "Azerbaijan Land of Fire” layihəsinə dəstək verməyimizə gəlincə, bu dəstək lap ilk günlərdən, çoxları üçün qəribə görünsə də, "Bakı” ilə reklam əməkdaşlığımızı dayandırdıqdan sonra yaranıb, indi də davam edir və bundan sonra da davam edəcək.
Elşən Məmmədov (İdman Araşdırmalar Mərkəzinin sədri)
1. Münasibətin birmənalı olmamasının obyektiv və subyektiv səbəbləri var. Amma deməzdim ki, əksəriyyət Hafiz Məmmədovun İspaniya "Atletiko"su və Fransa "Lans"ına milyonlarla avro vəsait ayırmasından narazıdır. Elə ötən ilin sonunda İAM-ı keçirdiyi sorğuda həmkarlarımızın əksəriyyəti Məmmədovu "İlin idman xadimi" nominasiyasında birinci yerə layiq görmüşdülər. Həmin vaxt nə "Atletiko" İspaniya çempionu və Çempionlar Liqasının finalçısı idi, nə də "Lans" Fransanın yüksək liqasına vəsiqə qazanmışdı. Amma indi hər iki klub buna nail olub və deməli, məntiqlə, Məmmədovun İspaniya və Fransa klublarına yatırdığı sərmayə bəhrəsini verib. Onun gördüyü işlərə birmənalı münasibətin olmamasının səbəbini isə daha çox özünün prezidenti olduğu "Bakı" klubunun artıq bir neçə mövsümdür uğursuz nəticələr göstərməsində görürəm.
2. Mən Azərbaycanın idman mətbuatına yaxından bələdəm. Həmkarlarımın yazılarının arxasında bəd niyyət və ya şəxsi məqsədlər axtarmağın əleyhinə olmuşam. Elə həmin idman jurnalistlərinin çoxu Məmmədovu "İlin idman xadimi" seçmişdilər. Son illər xarici klublara pul yatırma praktikası Rusiya və ərəb ölkələrindən olan biznesmenlər tərəfindən daha çox müşahidə olunur. Ölkə reklamı baxımından xüsusən "Barselona"nın formasında Qətəri təbliğ etməsi halına rast gəlmək olar. Amma əksər biznesmenlər əməkdaşlıq etdikləri klublarda daha çox öz şirkətlərini reklam edirlər. Məncə, futbolda ölkə reklamı daha çox ərəblərə lazımdır. Çünki onlar Avropa futbolu ilə sıx əməkdaşlığa can atırlar. Azərbaycan isə Avropa ölkəsidir, AFFA Avropa futbol qurumu UEFA-nın üzvüdür. Əgər qitədə futbolumuzu təbliğ etmək istəyiriksə, Avropa çempionatı, Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinədək irəliləmək, layiqli nəticələr göstərməklə qitənin aparıcı klublarını Bakıya gəlməyə məcbur etməliyik. Bu mənada "Atletiko" və ya "Lans"a qoyulan 10 milyonlarla avro sərmayəni elə "Bakı"ya cəlb etməklə, komandanın qitə miqyasında daha yaxşı çıxışını təmin etmək mümkün idi.
Ceyhun ƏLİYEV