Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mahmud
Qurbanovun müsahibəsi.
- Milli komandanın heyətini seçərkən
hansı meyarlara diqqət etdiniz?
- Norveçlə oyun seçmə mərhələ qarşılaşması olduğundan, heyəti seçərkən
eksperiment aparmağın doğru olmayacağını düşündük. Həm də
mən bu komandanı bir oyunda baş məşqçi kimi meydana buraxacağam. Bir oyuna görə
isə ciddi dəyişikliklər etməyə ehtiyac duymadım. Dəvət etdiyim futbolçuların
əksəriyyəti yığmada çıxış edənlərdir.
- Əvvəlcədən geniş tərkibli
heyət açıqlayacağınızı demişdiniz. Fikrinizi dəyişməyinizə nə səbəb oldu?
- Həqiqətən də belə bir planımız var idi. Lakin sonradan
düşündük ki, bu addımı yoxlama görüşü zamanı atmaq daha doğru olar. Norveçlə
görüşdə futbolçuları yoxlamaq yox, qələbə qazanmaq, yaxşı nəticə əldə etmək
lazımdır. Yoxlama görüşü olsaydı, hər mövqe üçün 3-4 oyunçu çağırıb, son
durumlarını yoxlayar, kimin hansı mövqedə rəqabətə davamlı olduğunu
araşdırardıq. Ancaq indi ili uğurlu nəticə ilə tamamlamaq hər şeydən vacibdir.
- Rəşad Sadiqov, Nurlan Novruzov, Elnur
Abdullayev və Cavid Tağıyev kimi futbolçuların yığmaya çağırılmaması bir qədər
təəccüblə qarşılandı. Onların
kənarda qalmalarının səbəbi nədir?
- Axı, mən Premyer
Liqada özünü göstərən, forma yığmaqda olan hər futbolçuya dəvət göndərə
bilmərəm. Hesab edirəm ki, yaxşı formada olan futbolçuların hamısını
milliyə cəlb etmişik. Ancaq bu, o anlama gəlməməlidir ki, adlarını çəkdiyiniz
futbolçular yığmaya bir daha çağırılmayacaqlar. Yəqin ki, yeni gələcək baş
məşqçi həm onları, həm də digərlərini daim diqqət mərkəzində saxlayar,
seleksiya xarakterli toplanışlarda oyunçuları yoxlayar.
- "Qarabağ"ın futbolçuları və
Türkiyədə çıxış edən milli üzvləri düşərgəyə gec qoşulacaqlar. Bunun hazırlığınıza nə kimi mənfi təsiri
ola bilər?
- Onların hər biri rəsmi oyun keçirdikdən sonra bizə
qoşulacaq. Yəni, oyun praktikaları yerində olacaq. Məni yalnız
futbolçularımızın zədələnmə ehtimalı narahat edir. Çünki Türkiyədəki
legionerlərimiz həftəsonu çempionat oyunu keçirəcəklər. Ümid edirəm ki, həm onlar,
həm də "Qarabağ"dakı milli üzvləri zədə almadan düşərgəmizə
qoşularlar.
- Norveçlə oyunda hansı oyun üslubundan
istifadə edəcəksiniz?
- Hədəfimiz bu qarşılaşmadan qələbə ilə ayrılıb, uğursuzluğa son qoymaqdır.Həm bu səbəbdən, həm də doğma azarkeşlərimiz önündə
oynayacağımızdan, hücum futbolu sərgiləyəcəyik. (Report.az)