"Neftçi”yə SSRİ tarixində yeganə bürünc medalı qazandırmış Əhməd Ələsgərovun səhhətində ciddi problem yaranıb. Sportnet.az xəbər verir ki, Ukraynanın Odessa şəhərində olan 79 yaşlı mütəxəssisin yaddaşı tamamilə sıradan çıxıb.
Hətta onun yataq xəstəsi olduğu və ömrünün sonuna sayılı günlərin qaldığı bildirilir. Bütün bunlarla əlaqədar Sportnet.az Ələsgərovla əlaqə saxlamaq istəyib. Lakin onun evinə və mobil telefonuna etdiyi çoxsaylı zənglərə cavab verən olmayıb.
Əvəzində qocaman mütəxəssisin ailəvi dostu Fərəməz Əsədov Ələsgərovun səhhəti barədə saytımıza açıqlama verib. Əsədov dostunun telefon zənglərinə cavab vermədiyini və yaddaşını tamamilə itirdiyini təsdiqləyib: "Ona dünən zəng etmişdim. Amma həyat yoldaşı ilə danışdım. Vəziyyəti dəyişməz qalıb. Yaddaşı tamamilə itib. Heç kimi tanımır. Ancaq yemək-içməyində heç bir problem yoxdur. Səhhətində digər nasazlıqlar da müahidə olunmur".
Ceyhun ƏLİYEV