Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz
Hüseynzadə Avropa Olimpiya Komitəsinin (EOC) Bakıda keçirilmiş 43-cü Baş
Assambleyasının yekunlarından danışıb. Sportnet.az-ınməlumatına görə, MOK rəsmisi tədbirin yüksək səviyyədə təşkili üçün dövlət səviyyəsində
hər bir şəraitin yaradıldığını
bildirib.
Çingiz Hüseynzadə Baş Assambleyanın açılışında prezident İlham Əliyevin şəxsən iştirak
etdiyini vurğulayıb. O həmçinin, EOC-a tədbirin keçirilməsinə göstərdiyi etimada görə, Yerli Təşkilat Komitəsi adından minnətdarlığını bildirib.
Vitse-prezident Bakı-2015 I Avropa Oyunlarına hazırlıqdan da
danışıb: "Bizim üçün böyük çətinlik belə tədbiri keçirməkdə təcrübəmizin
olmaması ilə bağlı idi. Ona görə də mütəxəssisləri çağırdıq və çalışdıq ki,
Oyunları yüksək səviyyədə keçirək. Hazırda elə bir çətinlik görmürəm.
İnfrastruktur yüksək səviyədədir. Hazırlıq səviyyəsi kifayət qədər qənaətbəxşdir.
Koordinasiya Komitəsi işlərə nəzarət edir. Artıq hazırlıq işlərinin son mərhələsidir”.
Avropa Oyunlarının büdcəsinə gəldikdə isə Hüseynzadə bu məsələ ilə
Əməliyyat Komitəsinin (BEGOC) məşğul olduğunu və ona görə də bu barədə məlumat
verə bilməyəcəyini söyləyib.
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək
keçiriləcək.