
Azərbaycan milli komandasının baş məşqçi
postuna namizəd olan Robert Prosineçki köməkçilərini müəyyənləşdirib. Sportnet.az-ınməlumatına görə, bu barədə xorvatiyalı mütəxəssis "Jutarnji List"ə
açıqlama verib.
Prosineçki yığmada ona Qordan Kipriç və Draqan Spasiç
yardımçı olacağını
bildirib. Həmin məşqçilər əvvəlki iş yerlərində də xorvatiyalı baş
məşqçinin rəhbərliyi altında çalışıblar.
Mütəxəssis müqavilə müddəti barədə də danışıb. O deyib ki,
anlaşması 3,5 illik nəzərdə tutulub. Amma hər şey AVRO-2016-nın seçmə tsiklinin
qalan oyunlarında göstərilən nəticədən asılı olacaq. Prosineçkinin fəaliyyəti
AFFA-nı qane etsə, onun 2018-ci il dünya çempionatınadək yığmanın sükanı
arxasında qalmasına qərar veriləcək.
Baş məşqçi postuna namizəd 4-5 illik təcrübəsinin və
Xorvatiya millisində Slaven Biliçin köməkçisi kimi işinin ona kömək edəcəyini
vurğulayıb. Prosineçki Azərbaycan yığmasının 2015-ci il
martın 28-də Malta ilə keçirəcəyi növbəti seçmə oyunadək hazırlıq üçün xeyli
vaxtının olduğunu da əlavə edib. O, tezliklə həyat yoldaşı və iki qızını da
Bakıya gətirəcəyini açıqlayıb: "Onları Xorvatiyada saxlamağın mənası
yoxdur".
Qeyd edək ki, Azərbaycan milli komandasının yeni baş
məşqçisinin təsdiqlənməsi ilə bağlı müzakirələr AFFA İcraiyyə Komitəsinin
dekabrın 3-də keçiriləcək iclasının gündəliyinə salınıb. Hələlik yığmaya kimin
rəhbərlik edəcəyi rəsmən açıqlanmayıb.