"Xəzər Lənkəran” çətin günlərində yolunu Oğuz Çətinlə davam etməyi qərara aldı. Sportnet.az-ın araşdırmalarına görə, ixtisasca mühəndis olan türkiyəli mütəxəssisin həm futbolçu, həm də məşqçi kimi karyerası olduqca zəngin alınıb.
Futbolçu kimi 106 dəfə Türkiyə millisinin formasını geyinmiş Çətin 1996-cı il Avropa çempionatında da iştirak edib. Amma qitə çempionatına yollanmamışdan öncə o, Aykut Kocamanla birgə "Fənərbağça"nın sabiq prezidenti Ali Şen tərəfindən komandadan qovulub. Həmin vaxt heç bir səbəb göstərilməsə də, sonrakı fəaliyyətinə nəzər salanda qərarın motivini anlamamaq heç də çətin olmur.
Dənizli və Lorantı yola salıb...
O, məşqçilik karyerasına məhz Mustafa Dənizlinin köməkçisi qismində başlayıb. Bu, 2000-ci ildə "Fənərbağça”da baş verib. Bir il sonra Dənizli klubu tərk etsə də, Çətin komandada qalıb və növbəti baş məşqçi Verner Lorantın köməkçisi qismində fəaliyyətini davam etdirib. Daha bir il sonra isə Lorantı da yola salan qəhrəmanımız 8 il futbolçu kimi şərəfini qoruduğu klubda baş məşqçi vəzifəsinə yiyələnib. Həmin illərdə Türkiyə mətbuatında komandanın uğursuz çıxışına dair şok məlumatlar yazılmağa başlayıb. Türk həmkarlarımızın fikrincə, Çətin futbolçularla gizli sövdələşmələrə gedərək, baş məşqçilərin bir-bir "başını yeyirmiş”. Məqsəd isə baş məşqçi postuna məhz özünün sahib çıxması imiş. Və buna da nail olub...
... 4 ay sonra eyni aqibəti yaşadı
Ancaq "Fənərbağça”da baş məşqçi karyerası uzun çəkməyib. Dekabrın 9-da rəsmən Lorantın kreslosuna yiyələnən Çətin heç 4 ay klubun "sükanı arxası”nda duruş gətirə bilməyib. 2003-cü il aprelin 6-də "Adanaspor”dan alınan 1:3 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyinin "səbr kasası” daşıb və ertəsi gün onun istefaya göndərildiyi bəyan edilib. Bu nüddət ərzində Çətin "Fənər”i 7 oyuna çıxarıb. İlk 3 görüşün 2-dən qalib ayrılan komanda, daha bir qarşılaşmanı heç-heçə başa vurub. Maraqlıdır ki, növbəti 4 matçda onun komandası qələbə üzünə həsrət qalıb. "Elazığspor”la "sülh”ə imza atan "sarı bülbüllər” digər 3 oyundan boynubükük ayrılıblar.
Sədaqətsizlik
Bir il işsiz qalan Çətinə necə iştah gəlibsə, 2004-cü ildə birdən-birə 2 komandanı çalışdırmağa imkan tapıb. Əvvəlcə "Ərciyyəspor”un sükanı arxasına keçən mütəxəssis daha sonra "Gənclərbirliyi”ndə də eyni funksiyanı yerinə yetirib. Növbəti ili "Diyarbakırspor”da işləyən Çətin 2006-da Türkiyə millisinin baş məşqçisi Fatih Terimin istəyi ilə əsas köməkçi-məşqçi vəzfisəinə təyin edilib. 2009-cu ildə "İmperator”u yola salan Çətin yenə də ona çörək verən insana sadiqlik nümayiş etdirməyib. Terimin əvəzinə gətirilən Qus Hiddink də ona "gözün üstə qaşın var” deməyib. Hiddinki də 2011-də yola salan Çətin üçün Abdulla Avcı səddi keçilməz olub. 2011-in dekabr ayında Avçı öz komandası ilə çalışmaq istəyini önə çəkərək, bütün yardımçı məşqçilərin, o cümlədən də Oğuz Çətinin xidmətindən imtina edib.
"Başmaqçı” olmayan Dənizli
51 yaşlı mütəxəssis "Xəzər Lənkəran" dəftərini açanadək 2012-2013-cü il mövsümündə Türkiyənin I Liqasında çıxış edən "Boluspor”da çalışıb. Nəhayət, o, ötən ilin qışında elə Dənizli ilə birgə Lənkərana gəlib. Adətən, baş məşqçi gələrkən də, gedərkən də yanında öz komandası olur. Amma Çətin istefa verən baş məşqçilərin heç biri ilə getməyib. Dəfələrlə öz baş məşqçilərinə "Yaxşı yol" demiş Çətin barəsində müsbət xarakteristika vermək olmur. Elə Türkiyə mətbuatında barəsində yazılanlar da dediklərimizə əyani sübutdur. Maraqlıdır ki, Verner Lorant, Fatih Terim, Qus Hiddink kimi mütəxəssislər karyeraları ərzində bir daha Çətini yaxına buraxmayıblar. Lakin "Xəzər-Lənkəran” karyerasına toxunarkən, onu yox, ilk növbədə Mustafa Dənizlini günahlandırmaq lazımdır. Axı 12 il öncə Dənizli Çətini dişinə vurmuşdu. Elə isə o, digər 3 mütəxəssisdən fərqli olaraq, niyə onu yenidən öz yanında görmək istəyib? "Başına gələn, başmaqçı olar”, deyiblər, ancaq Dənizli "başmaqçı” ola bilməyib və ikinci dəfə özünə quyu qazıb.
Soyadı kimi olmayan cavab
Ardıcıl uğursuz oyunlar sıralayan cənublular Mustafa hocanın istefasından sonra mövsümün sonunadək Çətinə tapşırıldıqda, komanda hansısa qüvvənin hesabına şirə dönüb. Dənizlinin rəhbərliyi altında orta hesabla hər oyuna 1 qol vuran "Xəzər Lənkəran” Çətinli günlərində məhsuldarlığını düz 3 dəfə artırıb. Üstəlik, topladığı xallar da fantastik olub: 4 oyuna 3 qələbə və 1 heç-heçə. Hələ qış fasiləsindən sonra Dənizlinin xəstəlik üzündən komandanın başında olmadığı vaxt "Qarabağ"ı 1:0 hesabı ilə yenmələrini demirəm. Bu komanda Çətinin rəhbərliyi altında çempionu 2 dəfə yenib! Heyrətlənməmək olmur. Əcəba, nə dəyişdi ki, komanda qarşısına çıxanı parça-parça etməyə başladı? Bu sualın cavabını tapmaq soyadı kimi olmaz yəqin Çətin üçün. Çünki özü hər şeyi çox yaxşı bilir. Futbolçu olduğu vaxt "Fənərbağça"dan qovulmasının səbəbini isə elə sadaladıqlarımız faktlarda axtarmaq lazımdır.
Belə görünür ki, Çətin başı üzərindəki çətirləri dəfələrlə yırtıb. Kölgəsinə sığındığı, leysandan qorunduğu çətirləri...
Ceyhun ƏLİYEV