"ShamkirChess2016" superturnirinin III turunda Hollandiya şahmatçısı Aniş Giri Azərbaycan təmsilçisi Teymur Rəcəbovla heç-heçə oynayıb. Sportnet.az-ın məlumatına görə, Giri oyundan razı qaldığını bildirib. Onun sözlərinə görə, partiya ərzində təhlükə hiss olunmayıb: "Bəzi hallarda ağ fiqurlarda azacıq üstünlük görünürdü. Ümumilikdə, bərabər görüş olduğu üçün heç-heçə normal nəticədir".
Giri "ShamkirChess 2016" turnirində 3 turdan sonra 2 xal toplamasını yaxşı nəticə adlandırıb: "Birinci və üçüncü partiyalarda heç-heçə oynamışam. Ən razı qaldığım ikinci tur oldu. Sergey Karyakinə qalib gəlməyimi nəzərdə tuturam. 3 turdan sonra 2 xalla liderlik uğrunda yarışmağım mümkündür".
Hollandiya təmsilçisi qeyd edib ki, FİDE Qran-Pri seriyasının yeni mövsümü çox maraqlı olacaq: "Mükafat fondu bir qədər aşağı düşsə də, maraqlı turnirlər olacaq. Qaydalar dəyişib. Amma qaliblər iddiaçılar turnirinə yollanacağından orada yarışmaq vacibdir".