Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində ilk yarış gününə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov "Magnus Carlsen Invitational" adlanan turnirə uğurlu start veriblər.
İlk görüşündə Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edən Məmmədyarov növbəti 2 partiyada rusiyalı Daniil Dubov və ABŞ şahmatçısı Hikaru Nakamura ilə sülh bağlayıb. 4-cü turda niderlandlı Yorden van Forestə qalib gələn 36 yaşlı qrossmeyster son oyunda Maksim Vaşye-Laqrava (Fransa) uduzub.
Teymur Rəcəbov isə ilk 4 görüşünü sülhlə başa vurub. 34 yaşlı şahmatçı müvafiq olaraq, Aniş Giri (Niderland), Alan Piçot (Argentina), Uesli So (ABŞ) və Levon Aronyanla heç-heçə edib. O, son qarşılaşmada isə Dubov üzərində qələbə qazanıb.
Qeyd edək ki, 5 turdan sonra hərəyə 3 xal toplayan Məmmədyarov və Rəcəbov Vaşye-Laqrav, Dubov və Nakamura ilə birlikdə 4 - 8-ci yerləri bölüşdürür. İlk pillədə isə 4 xalla Aniş Giri qərarlaşıb.
-----------------------
Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində növbəti görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı qrossmeyster "Magnus Carlsen Invitational" adlanan yarışın 4-cü turunda Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib.
Ağ fiqurla oynayan Rəcəbov əvvəlki 3 qarşılaşmada olduğu kimi, bu dəfə də heç-heçəyə razılaşıb. Görüş 92-ci gedişdə sülhlə başa çatıb.
Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə IV turda Yorden van Forestə (Niderland) qalib gəlib.
---------------------------
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində ilk görüşlərini keçirib.
Sportnet.az-ın məlumatına görə, Məmmədyarov "Magnus Carlsen Invitational" adlanan yarışın I turunda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb.
Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster rəqibini məğlub edib. Aronyan 27-ci gedişdə təslim olub.
Rəcəbov isə turnirə heç-heçə ilə başlayıb. O, ilk turda Niderland şahmatçısı Aniş Giri ilə xalları yarı bölüb.
------------------------------
Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsi start götürəcək.
Sportnet.az-ın məlumatına görə, "Magnus Karlsen Invitational" adlanan yarışda Azərbaycanı bu dəfə iki şahmatçı - Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edəcək. Turnir Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Onlar yarışın ilk günündə 5 rəqiblə üz-üzə gələcək. Şəhriyar Məmmədyarov I turda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşacaq. O, II turda Daniil Dubov (Rusiya), III turda Hikaru Nakamura (ABŞ) ilə görüşəcək. Təcrübəli qrossmeyster IV turda Yorden van Foresti (Niderland), 5-ci turda Maksim Vaşye-Laqravı (Fransa) sınağa çəkəcək. Məmmədyarov II, IV turlarda ağ, I, III və V turlarda qara fiqurlarla oynayacaq.
Teymur Rəcəbov ilk iki qarşılaşmasını ağ fiqurlarla keçirəcək. 34 yaşlı qrossmeyster müvafiq olaraq Aniş Giri (Niderland) və Alan Piçotla (Argentina) üz-üzə gələcək. Rəcəbov III turda Uesli So (ABŞ), IV turda isə Levon Aronyanla (Ermənistan) münasibətlərə aydınlıq gətirəcək. Dünya Kubokunun qalibi Soya qarşı qara, Aronyana qarşı isə qara fiqurlarla oynayacaq. Şahmatçı günün son görüşünü qara fiqurlarla Daniil Dubova (Rusiya) qarşı keçirəcək.
"Magnus Carlsen Invitational"
I tur
Levon Aronyan (Ermənistan) - Şəhriyar Məmmədyarov - 0:1
Teymur Rəcəbov - Aniş Giri (Niderland) - 0,5:0,5
II tur
Teymur Rəcəbov - Alan Piçot (Argentina) - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Daniil Dubov (Rusiya) - 0,5:0,5
III tur
Uesli So (ABŞ) - Teymur Rəcəbov - 0,5:0,5
Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov - 0,5:0,5
IV tur
Şəhriyar Məmmədyarov - Yorden van Forest (Niderland) - 1:0
Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan) - 0,5:0,5
V tur
Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov - 0:1
Maksim Vaşye-Laqrav (Fransa) - Şəhriyar Məmmədyarov - 1:0
Qeyd edək ki, "Magnus Karlsen Invitational" Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanacaq. İlk yarış günündə aparıcı, beynəlxalq qrossmeyster Vasif Durarbəylinin qonağı şahmat üzrə Azərbaycan yığmasının keçmiş üzvü Zeynəb Məmmədyarova olacaq.
Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.