ABŞ şahmatçısı Hans Nimann onu saxtakarlıqda ittiham edən norveçli dünya çempionu Maqnus Karlseni məhkəməyə verib.
Sportnet.az-ın məlumatına görə, 19 yaşlı qrossmeyster bu barədə sosial şəbəkə hesabından bildirib.
Nimann ABŞ-ın Missuri ştatının Dairə Məhkəməsində iddia qaldırıb. Şahmatçı Karlsenlə yanaşı "Chess.com" saytını, ABŞ-ı təmsil edən Hikaru Nakamuranı, "CarlsensPlay Magnus Group"u və həmyerlisi Denni Renşi də məhkəməyə verib.
Niman reputasiyasına və karyerasına ziyan vurduğu üçün müttəhimlərdən 100 milyon dollar tələb edir.
Qeyd edək ki, sentyabrda Maqnus Karlsen "Sinquefield Cup"ın III turunda Hans Nimanna uduzduqdan sonra turniri tərk edib. Dünya çempionu rəqibini saxtakarlıqda günahlandırıb. ABŞ təmsilçisi öz növbəsində iddiaları rədd etsə də, keçmişdə onlayn şahmatda bu kimi əməllər törətdiyini etiraf edib. "Chess.com" Karlsenin turnirdən çəkilməsindən sonra Nimannı öz platformasından çıxarıb.