
Macarıstanın Seqed şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında dünya çempionatı keçirilib. Sportnet.az-ın məlumatına görə, nüfuzlu yarışda Azərbaycanı 5 idmançı təmsil edib.
Onlardan ən yüksək nəticəni yeniyetmələr arasında 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşdə Mikita Sablin göstərib.
18 yaşlı idmançı seçmə yürüşdə finişə 41,730 saniyəyə çataraq, 3-cü, yarımfinalda 41,230 saniyə nəticə ilə 2-ci yeri tutaraq, finala yüksəlib. Həlledici yürüşdə isə Sablin 41,545 saniyə göstərici ilə 5-ci olub. O, bürünc medal qazanan litvalı Vadim Korobovdan cəmi 0,108 saniyə geri qalıb.
Digər təmsilçilərimiz isə əsas finala yüksələ bilməyib. Taras Matviyçuk 23 yaşadək kanoeçilərin mübarizəsində 1 nəfərlik qayıqla 1000 metr məsafəyə seçmə yürüşdə 4 dəqiqə 0,460 saniyə nəticə ilə 3-cü olsa da, yarımfinalda 3 dəqiqə 54,101 saniyə göstərici ilə 4-cü yeri tutub. İlk "3-lüy”ə düşə bilmədiyindən onun son yürüşü B finalına təsadüf edib. Bu zaman isə Matviyçuk 3 dəqiqə 59,034 saniyə göstərici ilə 4-cü, ümumi sıralamada isə 13-cü yerlə kifayətlənib.
Anatoli Melnik 23 yaşadək kanoeçilərin yarışında 200 metr məsafəyə yürüşdə qüvvəsini sınayıb. O, seçmə yürüşdə 42,489 saniyə nəticə ilə 7-ci, yarımfinalda 41,201 saniyə göstərici ilə 8-ci olub və mübarizəni dayandırıb.
Kayakçılarımız arasında ən yüksək nəticəni Avropa çempionatının bürünc mükafatçısı Mirnazim Cavadov göstərib. Cavadov 23 yaşadək kayakçılar arasında 200 metr məsafəyə seçmə yürüşdə finişə 36,102 saniyəyə 2-ci çatıb. Lakin o, yarımfinalda 35,427 saniyə nəticə göstərərək, 4-cü olub və əsas finaldan kənar qalıb. B finalında isə təmsilçimiz 36,793 saniyə göstərici ilə 4-cü, ümumi sıralamada 13-cü olub.
Nəhayət, Aleksey Solovey əvvəlcə yeniyetmə kayakçılar arasında 1 nəfərlik qayıqla 1000 metr məsafəyə seçmə yürüşdə 3 dəqiqə 46,599 saniyə nəticə ilə 8-ci, yarımfinalda 3 dəqiqə 47,143 saniyə göstərici ilə 6-cı olub. C finalında isə o, 3 dəqiqə 51,387 saniyə nəticə ilə 9-cu, ümumi sıralamada 27-ci olub.
Solovey 200 metr məsafəyə seçmə yürüşdə finişə 40,781 saniyəyə 6-cı, yarımfinalda 38,920 saniyəyə 9-cu çatıb və mübarizəni dayandırıb.
Qeyd edək ki, dünya çempionatında 73 ölkə mübarizə aparıb.