Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür. Sportnet.az-ın məlumatına görə, milli mətbuatımızın yaranmasından 141 il ötür.
Ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Bununla da həmin gün jurnalistlərin peşə bayramı sayılır.
"Əkinçi” 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək fəaliyyət göstərib. Qəzetin cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin "Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.
Həmin dövrdən müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə ölkəmizdə mətbuatı inkişafına ciddi təkan verib.
Sportnet.az saytı jurnalistləri peşə bayramı münasibətilə təbrik edir, hmkarlarımıza işlərində uğurlar, qələmlərinin həmişə qüvvətli, sözlərinin kəsərli olmasını arzulayır.