
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniyada "Atletik Bilbao"ya 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, əvvəlcə 53 yaşlı mütəxəssis oyunu dəyərləndirib:
- Rəqibi ilk qələbələri münasibətilə təbrik edirəm. İlk növbədə qeyd etmək istəyirəm ki, çox yaxşı oyun alındı – həm azarkeşlər, həm də ümumilikdə hamı üçün maraqlı qarşılaşma oldu. Əlbəttə, istərdik ki, heç olmasa məğlub olmayaq, bunun üçün şanslarımız da var idi. Amma hər bir halda, dünən də qeyd etdiyim kimi, sona qədər yaxşı mübarizə aparacağıq, sona kimi vuruşacağıq – və bu gün futbolçularım bunu bacardılar. Bu gün oyundan əvvəl dediklərimizin canlı şahidi olduq. Rəqib çox dinamik və sürətli komanda idi, amma biz sona qədər tempi qorumağa çalışdıq. Futbolçularım üçün heç də asan deyildi, lakin onlar meydanda möhkəm dayandılar. Sadəcə, 2:1 hesabından sonra daha çox risklərə getdik, nəticədə bəzi boşluqlar yarandı və standart vəziyyətdən üçüncü topu buraxdıq. Getdikcə oyunlar və rəqiblər daha da güclənir, məsuliyyət artır. Çünki hər turdan sonra istənilən komanda qalib gəlmək, xal sayını artırmaq istəyəcək və bizi daha ciddi rəqiblər gözləyir. Biz də buna hazır olmalıyıq. Yenə də çalışacağıq ki, qarşıdakı oyunlarda birincisi – intizamlı, ikincisi isə çəkinmədən, cəsarətlə mübarizə aparaq. Hər birinizə təşəkkür edirəm. Görürəm, Bakının bir çox jurnalist dostlarımız buradadır – sağ olun ki, bizə dəstək olursunuz. Azarkeşlərimizə də təşəkkür edirəm – bu atmosferdə bizi tək qoymadılar. Biz daim “Qarabağ” səslərini eşitdik.
– Bu oyunu "Benfika"ya qarşı matçla müqayisə edə bilərsiniz? Hər iki oyunda da təzyiq var idi. Qələbə üçün nə çatmadı – şans gətirmədi, yoxsa rəqib daha güclü və keyfiyyətli idi?
İndi bəlkə də fikirlərimi tam şəkildə ifadə edə bilmirəm, oyuna bir daha baxdıqdan sonra düşüncələrimi daha dəqiq bölüşə bilərəm. Amma hər bir halda bu komanda 90 dəqiqə ərzində dinamikanı qoruyub saxladı, təzyiq göstərə bildi – həm topa sahib olanda, həm də topsuz vəziyyətdə. Bu baxımdan fərq var idi. Mən istəmirəm hansısa komandaya “daha güclü” və ya “daha zəif” deyim, çünki hər oyunun öz axarı var. Oradakı kimi, bu oyunda da geri dönüş ola bilərdi. İkinci hissəyə çox yaxşı başladıq, həm penalti epizodu, həm də digər təhlükəli hücumlarımız oldu – sadəcə bir az dəqiqlik çatmadı. Rəqibin ustalığı və keyfiyyəti bizdən bir qədər üstün idi, əlinə düşən şanslardan maksimum yararlana bildi. Amma hər bir halda bu oyunda bizim futbolçular daha çox güc sərf etdilər, daha çox təzyiq altında idilər.
– Oyunda hansı anı xüsusi qeyd edərdiniz?
- Əlbəttə, iki qol buraxmaq istər-istəməz futbolçuların inamına təsir edir. Amma buna baxmayaraq, biz geri çəkilmədik – əksinə, daha çox hücum etməyə, daha inamla oynamağa çalışdıq. Məğlubiyyəti özümüzdə axtarıram, çünki bəzi epizodlarda daha soyuqqanlı və dəqiq olmalı idik. Rəqib üçün bu, bir qədər daha asan idi – çünki onlar ilboyu belə təzyiq altında, bu dinamikada oynayırlar. Bizim isə belə oyunlara hazırlıq səviyyəmiz təbii ki, o qədər yüksək deyil, çempionat oyunlarımızda bu temp az olur. Bəlkə də penalti epizodu da rol oynadı – kimisi dedi var idi, kimisi dedi yox idi, amma mən özüm dəqiq görmədim. Buna görə deyə bilərəm ki, bu gün rəqib qələbəyə bizdən bir qədər daha çox layiq idi.
– Növbəti rəqibləriniz daha çətin olacaq. Artıq kifayət qədər səs-küy yaratmısınız. Oyunçuları tonusda saxlamaq sizin üçün nə dərəcədə çətindir?
- Təəssüf ki, belə sürətli oyunlarda idmançılar həm vəziyyətlərini yaxşılaşdırmağa, həm də istirahət etməyə vaxt tapmırlar. Bu, təkcə bizdə deyil, bütün komandalar üçün belədir. Hər 3-4 gündən bir sıx qrafiklə oynayanda, bu asan olmur. Bunu dünya futbolunda da görürük – azarkeşlər daha baxımlı, sürətli futbol istəyir, amma bir çox oyunçu zədə alır və bunlar əksər hallarda yorğunluqdan olur. Biz isə illərdir bu təcrübədən keçirik, çalışırıq ki, detallara diqqət edərək futbolçuların formasını saxlayaq. Görünən odur ki, bu sürəti yalnız oyundan oyuna qorumağa çalışmalıyıq. Çünki Bakıdakı oyunlarda nə azarkeş təzyiqi, nə də bu qədər sürət mübarizə var motivasiyanı tapşırıqlarla, azarkeş dəstəyi ilə qorumağa çalışırıq, amma bu, asan deyil.
– “Hər şeyi oyun planında düz etdik, amma uduzduq” dediniz. Bunu nə ilə əlaqələndirirsiniz?
- İlk növbədə, belə oyunlarda rəqib futbolçuların ustalığı bir qədər üstün olur. Bizim istəyimiz, əzmkarlığımız çox idi, qələbəyə daha çox can atırdıq. Çünki son vaxtlar həm Avropada, həm də Azərbaycanda bizə diqqət artıb. Yenə də yaxşı mübarizə apardıq. Qarşılaşdığımız komanda ən sürətli hücum edənlərdən biridir və biz bunu oyun boyu hiss etdik. Amma futbol səhvlər üzərində qurulub – kiçik bir səhv belə məğlubiyyətə gətirib çıxarır. Rəqibin qələbəsinə də dəyər vermək lazımdır – bu gün bəlkə də qələbə onların haqqı idi, çox istəkli oynadılar. Məğlub olanda, təbii ki, çox fikir, çox təkliflər olur. Bunlar normaldır, oyun analiz olunacaq. Biz illərdir bu prosesi görürük. Bizim məqsədimiz yerli futbolçularımızı böyütmək, onlara güvənməkdir.