Ukrayna "Şaxtyor"unun baş məşqçisi Arda Turan UEFA Konfrans Liqasının 1/8 final mərhələsində "Lex"ə qarşı Polşada keçirəcəkləri ilk oyun öncəsi emosiyalarını cilovlaya bilməyib.
Sportnet.az xəbər verir ki, insident matçdan əvvəl təşkil olunan mətbuat konfransında yaşanıb.
Polşalı tərcüməçi Turanın sözlərini türk dilinə dəqiq çevirməkdə çətinlik çəkib. Hər cavabdan sonra "Şaxtyor"un baş məşqçisinin narazılığı daha da artıb.
Nəhayət, tərcümədə növbəti uyğunsuzluğu eşidən Turan narazılığını gizlətməyib: “Bu, əsl türk dili deyil. İngilis dilində danışmaq daha yaxşı olardı”.
Mətbuat konfransının sonunda isə türkiyəli mütəxəssisin səbri tam tükənib. O, ingilis dilində belə deyib: “Dostum, mətbuat konfransı təşkil edirsinizsə, tərcüməçi mənim dilimdə danışa bilməlidir! Bu, türk dili deyildi”.
Bundan sonra Arda Turan qulaqcığını çıxararaq zalı tərk edib.
Qeyd edək ki, "Lex" – "Şaxtyor" matçı bu gün – 12 martda Poznan şəhərində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Komandalar arasında cavab qarşılaşması isə bir həftə sonra Krakovda baş tutacaq.
Xatırladaq ki, Arda Turan "Şaxtyor"un formal olaraq ev oyununun Türkiyədə keçirilməsini təklif etsə də, bu plan reallaşmayıb və hər iki görüş Polşada oynanılacaq.
Turanın emosional anları videonun 9:50 - 14:05 bölümündə:











































































