"Oyuna yaxşı hazırlaşmışdıq, rəqibi yaxşı analiz etmişdik və yaxşı da başladıq və qol vurduq. Lakin adi səhvdən, anlaşmazlıqdan top buraxdıq. Yenə vursaq da, səhvimizdən qapımızda qol gördük".
Sportnet.az-ın məlumatına görə, bunu "Araz-Naxçıvan"ın məşqçisi Vadar Nuriyev evdə "Sabah"a 2:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra mətbuat konfransında deyib.
Nuriyev baş hakim Fərid Hacıyevin idarəçiliyindən narazılığını bildirib: "Əlbəttə, baş hakimin nəticəyə təsir edən səhvləri oldu. Rəqibin ikinci qol epizodunda qayda pozuntusu olmuşdu, onların əleyhinə cərimə zərbəsi təyin edilməli idi. Nunu Rodrigesi vurmuşdular. Lakin referi gedib VAR-a baxmadı. Üçüncü qolu vurduqları növbəti penalti epizodu zamanı isə heç nə yox idi. Birbaşa penalti təyin etdi. Bunların hamısı oyunumuza təsir etdi".
Məşqçi ən azı heç-heçənin əldən getdiyini vurğulayıb: "Sabah" elə komandadır ki, əks-hücum verirsənsə, səni bağışlamır. Ən azından bir xal götürmək istəyirdik. Belə alındı, uduzduq. Rəqibi təbrik, biz isə öz yolumuza davam edirik. Növbəti matça hazırlaşacağıq".
















































































