Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına əsasən təsis etdiyi mükafatlar sahiblərinə təqdim olunub.
MOK-un mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, qaliblər qurumun inzibati binasında nominasiya qaliblərinin mükafatlandırma mərasimində açıqlanıb.
“Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi” nominasiyası üzrə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov, “Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyası üzrə ikiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva, “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi” nominasiyası üzrə güləş məşqçisi Cəbrayıl Həsənov, “Ədalətli oyun prinsiplərinə sadiq hakim” nominasiyası üzrə Avropa kubokları və Avropa çempionatlarında hakimlik etmiş voleybol hakimi Fuad Ağayev, “Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı” nominasiyası üzrə isə ATV telekanalının əməkdaşı Sənan Şəfizadə mükafata layiq görülüblər.
Qeyd edək ki, qaliblər Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası üzvlərinin rəyi, eləcə də MOK və idman federasiyalarının nümayəndələri arasında keçirilən sorğunun nəticələri əsasında müəyyən edilib.
Komissiya tərəfindən həmçinin “25 illik yubileyi və Ədalətli Oyunlar Hərəkatının təbliğindəki fəaliyyətinə görə” Olimpiya dünyası qəzetinə xüsusi mükafat təqdim olunub. Ardınca qəzetin 25 illik fəaliyyəti və feyr pley dəyərlərinin təbliğinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə həmçinin AzƏOK sədri, AƏOH-un İcraiyyə Komitəsinin üzvü Xəzər İsayevə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Ədalətli Oyun Karyerası” nominasiyası üzrə diplomu, eləcə də Paris-2024 Yay Paralimpiya Oyunlarının gümüş mükafatçısı Qaşim Maqomedova Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli Oyun ruhu” mükafatı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkilləri Eyvaz Qurbanov və Könül Nurullayeva tərəfindən təqdim edilib.


























































































