"Neftçi"nin ispaniyalı hücumçusu Anyete "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Oyun haqda fikirləriniz necədir?
- Oyunun çətin keçəcəyini bilirdik. Əsas nəticə qazanmaq idi ki, buna da nail olduq.
- Hakimlik necə təsir bağışladı?
- Bu gün hakm iki təmiz penaltimizi vermədi. Ümumiyyətlə, bundan sonra hakimlik haqda danışmayacağam. Mən artıq təslim oluram. Çünki danışmağın mənası yoxdur.
- Böyük oyun öncəsi təzyiq var idi?
- Təzyiq deməzdim. Daha dolğun söz var: konsentrasiya. Belə oyunlar öncəsi köklənmə vacibdir.
- Boş tribunalar qarşısında oynamaq necə motivasiya yaradırdı?
- Birincisi, deməzdim ki, bu gün tribunalar boş idi. Digər oyunlarla müqayisədə azarkeşlərimiz çox idi. Belə matçlarda ən vacibi oyundur.
- "Neftçi" Nikolas Kanalesin transferini gerçəkləşdirir. Belə demək olarmı ki, bu, hücum xəttinin zəifliyi ilə bağlıdır?
- Əvvəla, kanalesin gəlişindən xəbərim var. Onu şəxsən tanımasam belə. Forvard gətirirlərsə, deməli, hücum xəttində zəiflik var. Özüm haqda onu deyə bilərəm ki təmiz hücumçu deyiləm. Belə bir hücumçunun gəlişi, təbii ki, ön xəttimizi gücləndirəcək.
- Onun gəlişi ilə ehtiyata göndəriləcəyinizi gözləmək olar?
- Bu, futboldur. Hər şey ola bilər. Biz kollektivik və baş məşqçinin hər bir qərarına hazlr olmalıyıq.
- Qarşıda "Qarabağ"la oyun gəlir...
- "Qarabağ" Azərbaycanın ən güclü klublarından biridir. Ancaq biz əlimizdən gələni edıcəyik ki, ən yaxşı nəticəni qazanaq.
Mehman SÜLEYMANOV