Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Rusiya ilə səfər matçından standart vəziyyətdən məharətlə yararlanıb. Sportnet.az-ın məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri 2:2 hesabı ilə bitən oyunda hər 2 qolu künc zərbəsindən sonra vura bilib.
Maraqlıdır ki, matçda ilk künc zərbəsini ikinci hissənin ilk dəqiqəsində yerinə yetirən millimiz elə bu zaman hesabı açıb. Ümumiyyətlə, azərbaycanlı futbolçular bu oyunda cəmi 3 künc zərbəsi yerinə yetiriblər ki, onun 2-də top rəqib qapısından keçib. Hər iki halda məhsuldar ötürmənin müəllifi Taşkın İlter olub.
Ruslar isə oyunda 9 künc zərbəsini yerinə yetirib. Onlar da ilk qolun bundan sonra başla vurublar. Meydan sahibləri ikinci qoluna uzaqdan zərbədən sonra imza atıblar ki, bunda qapıçımız Şahrudin Maqomedaliyevin inamsız oyunu öz sözünü deyib. Matçla bağlı digər məqam nəinki qırmızı, heç sarı vərəqələrin də olmamağıdır. Polşalı baş hakim Tomaş Misualın əlinə cibinə atmağa ehtiyacı olmayıb.
Rusiya millisində əsas qol ümidi azərbaycanlı futbolçu Ramil Şeydayev olub. Ancaq 90 dəqiqə meydanda olan "Zenit”in hücumçusu nə Bakıda, nə də Rostovda həmyerlilərinin qapısına yol tapa bilib. Baş məşqçi Nikolay Pisarev ikinci hissədə əslən Azərbaycandan olan digər futbolçu Ayaz Quliyev, həmçinin, erməni Arşak Koryanı meydana buraxsa da, onlar da fərqlənə bilməyiblər.