
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə 2025-ci il üçün təsdiq edilmiş idman təqviminə əsasən keçirilən dağ velosipedi üzrə ölkə çempionatı başa çatıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet-az-a verilən məlumata görə, Yarışın ikinci günündə iştirakçılar paytaxtın Teleqüllə yaxınlığındakı parkda “Enduro” növündə güclərini sınayıblar. Müxtəlif yaş kateqoriyalarında idmançılar arasında gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda qaliblər müəyyənləşib.
U15 yaş kateqoriyasında Respublika Olimpiya Ehtiyatları Qüvvələrinin İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin (ROEQİUGVM) üzvləri Ayaz İsgəndərli və Toğrul Məmmədli müvafiq olaraq birinci və ikinci yerləri tutublar. Həvəskar idmançı Kənan Eyvazov isə üçüncü pillənin sahibi olub.
Gənclər, U23 və Elit yaş kateqoriyasında isə həvəskar idmançı Emin Süleymanov ölkə çempionu adını qazanıb. Onun ardınca digər həvəskar iştirakçı Mirmövsüm Cəbrayılov ikinci, ROEQİUGVM-in üzvü Nihad İmanzadə isə üçüncü yeri tutub.
Qaliblər və mükafatçılar medal, diplom və pul mükafatları ilə təltif olunublar.