
Azərbaycan millisini Bakıda 2:1 hesabı ilə yendikdən sonra evdə Xorvatiyaya 0:1, səfərdə isə Norveçə 1:2 hesablı məğlubiyyət Bolqarıstan Futbol İttifaqının (BFU) İcraiyyə Komitəsi üzvləri tərəfindən kəskin qarşılanıb. Komitə üzvü Ventsislav Stefanov Penevin çoxlu səhvə yol verdiyini və ona "sağ ol" deməyin vaxtının yetişdiyini açıqlayıb.
Hətta BFU prezidenti, Penevin məşhur tərəfdarı kimi tanınan Borislav Mixaylov da deyib ki, sabiq hücumçu işini itirə bilər. Onun sözlərinə görə, İK bu məsələni növbəti iclasda müzakirə edəcək.
Qeyd edək ki, Lyuboslav Penev 2011-ci ilin noyabrında baş məşqçi təyin olunub. O, AVRO-2012-nin seçmə mərhələsində uğursuzluğa düçar olan Lotar Matteusu əvəzləyib. Bu yaxınlarda Penevlə Ukrayna "Metallist"inin danışıqlara başlamasına dair xəbərlər yayılıb.