Aqşin ƏLİYEV
Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyevin istefa verməsi ilə onun fəxri prezidenti olduğu "İnter”in Premyer Liqada "Qəbələ”yə gözlənilmədən uduzması üst-üstə düşdü. Sanki bu iki hadisə arasında hansısa mistik bağlılıq var. Nə bilmək olar, bəlkə də oyunun startına qədər "şef”in istefası xəbərindən duyuq düşən "İnter”in futbolçuları meydançada futbolu yaddan çıxarıb, gələcək taleləri ilə bağlı bədbinliyə qapılıblar. Fəxri prezident ölkənin ən inkişaf etmiş özəl bankından gedir, baş məşqçi Bakıda qalan günlərini sayır… Yəni, qarşıda klubu heç də yaxşı günlər gözləmir. Elə bil ki, "İnter” yazın gəlişi ilə əriyib suya dönür, axıb çaya, ya da Xəzər dənizinə gedir. Hətta yayda bu adda klubun yer üzündən silinməsi belə təəccüblü olmaz. Azərbaycanda futbol klubunu dəfn eləməyə nə var ki! Klub prezidenti bezib, "ziyanın yarısından qayıtmaq da xeyirdir” deyimini xatırlayan kimi, vəssalam-şüttamam!
* *********
Bizim futbolda qəribə bir qayda var. Kluba pul xərcləyən, faktiki olaraq, klubun sahibi olan şəxsi fəxri prezident elan edirlər. Bu prosesin arxasında nə dayandığı hamıya məlumdur: klubun bütün xərclərini çəkən şəxs, daha doğrusu məmur, biznesmen "kölgəyə çəkilir”, kağız üzərində isə digərlərinin adları gedir. Normal futbol klubunda "fəxri prezident” anlayışı tam fərqli mənada işlədilir. Dünyanın sanballı klublarında ağsaqqal bir adam, adətən 70-75 yaşlı, həyatının əksər hissəsini futbola sərf etmiş fəxri prezident oyuna gəlib baxar, məsləhətlərini verər, məsələn deyər ki, "biz futbol oynayan vaxt filan taktiki sxemi tətbiq edərdik, bir onu da sınayın” və komandaya uğurlar arzulayıb gedər. Bir anlığa bu modeli Azərbaycan futboluna gətirək. Azərbaycanlı fəxri prezidentlər futbola baxırlar. Onlar nə haqqında danışırlar? Futboldan başqa hər şey haqqında. Axı futbolu bilmirlər. Dərd burasındadır ki, ən həlledici qərarları da elə onlar - fəxri prezidentlər qəbul edirlər. Klubun taleyi birbaşa onların əhval-ruhiyyəsindən, ciblərinin ölçülərindən asılıdır. Belə də fəxri prezident olar?!.. Klub prezidentləri, vitse-prezidentlər nə işlə məşğuldurlar? Günəbaxan tumu çırtlamaqla?
* *********
Kənardan baxanda belə təəssürat yaranır ki, son vaxtlar "İnter” klubunun keçmişi və bu günü ilə bağlı olan insanların başı qalmaqaldadır. Klubun təsisçisi, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyüblər, hadisəni ört-basdır eləməyə çalışan ata nə danışdığını heç özü də bilmir. Katya belə gəldi, nə bilim, Katya belə getdi... İndi də fəxri prezident Cahangir Hacıyev... Rəsmi məlumata görə, C.Hacıyev səhhəti ilə əlaqədar könüllü şəkildə tutduğu vəzifədən istefa verib. Bunun doğru olub-olmadığını, əsl səbəbin manatın devalivasiyası yoxsa daha yüksək vəzifəyə kadr hazırlığı olduğunu söyləmək çətindir. Əgər həqiqətən C.Hacıyevin səhhətində problemlər varsa, ona cansağlığı, uğurlu müalicə arzulayırıq. Digər bir tərəfdən onun "İnter”dən nə vaxt ayrılacağını səbirsizliklə gözləyirik. Çünki məhz onun əməyi sayəsində "İnter” Gürcüstan - Bolqarıstan Dostluq Mərkəzinin filialını xatırladır. 2004-cü ildən bəri kluba himayədarlıq edən Cahangir Hacıyev özümüzünkülərdən başqa, az qala hər millətin nümayəndəsinə qucaq açıb. Onun etibar etdiyi son mütəxəssis Kaxaber Sxadadze qədər etikadan kənar, azarkeşlərə, futbolçulara, həmkarlarına hörmətsizlik edən məşqçi Azərbaycana gəlməyib, yəqin ki, gəlməyəcək də... Hələ Sxadadzenin vaqonla ölkəmizə gətirdiyi gürcülərdən danışmıram. Klubun hazırkı prezidenti Georgi Nikolov isə nə ətdir, nə də balıq. Deyəsən, "İnter”də ən azı payı olan da elə Azərbaycandır. Sanki bu klubun yaxından-uzaqdan Azərbaycanla əlaqəsi yoxdur. Fəxri prezidenti azərbaycanlılardan üz çevirməyə məcbur edən amillərin nə olduğu isə müəmmadır. Kim nə vaxt onun xətrinə dəyib?
* *********
Azərbaycan klublarının aşağı yaş qruplarında yeniyetmələr yetişir, yetişir və 18, 19 yaşına çatanda elə bil ki, uşaq komandasından əsas komandaya gedən yolda bir "lyuk” açılır, onlar düşürlər ora. Bu misalı "İnter”ə də aid etmək olar. Kimlərsə Əlini, Vəlini, Pirvəlini göstərib, uşaq futbolunun inkişaf etdiyini sübut etməyə çalışa bilər. Ancaq faiz nisbəti ilə götürəndə belə yeniyetmə futbolçuların sayı o qədər azdır ki, ağla "lyuk”dan başqa heç nə gəlmir. "İnter” Avropa miqyaslı yarışlarda da heç vaxt başımızı uca etməyib. Əcəba, bu illər ərzində klubun Azərbaycan futboluna xeyri nədir? Heç nə. Sadəcə görüntü. Premyer Liqada oynamaq o qədər asandır ki, istər-istəməz adamın yadına küçə futbolu düşür. Necə ki, küçədə futbola başlamazdan əvvəl soruşardıq: "Seyran, oynamaq istəyirsənsə, gəl”, "Məşəqqət, sən də gəl, ev paltarındasan, qapıda duracaqsan ha”... AFFA-nın bayrağı altında keçirilən çempionatın bundan fərqi var ki? 10 komanda ilə başlayıb, mövsümü 9 klubla bitirmişik? Ölən, yaralanan yoxdur ki? Hə, buna da min Şükür! Məşəqqət ki məşəqqət...
* *********
Nədənsə, Cahangir Hacıyevin istefası mənə "İnter” üçün "sonun başlanğıcı”nı xatırladır. Onsuz da AFFA İcraiyyə Komitəsinin üzvü olan bu şəxsin futbol sahəsində özünü yaxşı hiss etmədiyi, "ümumi axın”a düşdüyü məlum məsələdir. Çox güman ki, C.Hacıyev hər dəfə İcraiyyə Komitəsinin iclasında etika xatirinə və ya biznes maraqları naminə peyda olur, söhbətləşir (təbii ki, yenə futboldan başqa hər şey haqqında) və iclas zalını uzun müddətlik fasilə ümidi ilə tərk edir, O, indiyədək AFFA İcraiyyə Komitəsinin iclaslarında hansı təkliflər irəli sürüb? İdman jurnalistləri ilə məsafə saxlamasının səbəbi nədir? Nə isə... Görüntü xarakterli əməllər, say düzəltmək məqsədilə gözə görünənlər Azərbaycan futbolunda nə qədər istəsən, var... Əgər cənab Hacıyev "İnter”i yaşadacaqsa, qoy, heç olmasa, bir dəfə də azərbaycanlı məşqçiyə güvənsin. Lap elə "böönnəri”, "nəzər-diqqətinizə çatdırım ki” ifadələrinin müəllif hüquqlarına malik olan Böyükağa Hacıyevə şans versin. Nə olsun ki, Böyükağa müəllimin könlündən "Neftçi”yə üçüncü dəfə qayıtmaq keçir, bu məqsədlə Arif Əsədovun bağ evindəki bostanına mətbuat vasitəsilə arada-sırada nə gəldi atır. Əsas odur ki, özümüzünküdür. Sxadadzedən də yaxşıdır, ondan da, bundan da. Bir az da özümüzə dəyər verək. Madonna Ledi Qaqaya dediyi kimi: "Respect yourself!”