Fransa və Braziliyanın futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçirilib. Sportnet.az-ın məlumatına görə, Parisdəki "Stade de France" arenasında təşkil olunan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 21-ci dəqiqədə meydan sahiblərindən Rafael Varan açsa da, 40-cı dəqiqədə Oskar bərabərlik qolunu vurub. Fasilədən sonra Braziliya millisi daha 2 dəfə fərqlənib. 57-ci dəqiqədə Neymar, 69-cu dəqiqədə isə Luis Qustavo Fransanı məyus edib.
Qeyd edək ki, bu iki komanda 1998-ci il dünya çempionatının finalında məhz "Stade de France"də üz-üzə gəliblər. Həmin vaxt Fransa 3:0 hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.