Dünya cüdosunun ürəyi Avropanın mərkəzində döyünür. Sportnet.az-ın məlumatına görə, bu gündən etibarən Macarıstanın paytaxtı Budapeştdə beş qitəni əhatə edən 126 ölkənin 731 tatami ustası yeni Olimpiya dövrünün ilk dünya çempionlarını müəyyən edəcək. Sentyabrın 3-dək davam edəcək mundialda ölkəmiz kişilərdə 9, qadınlarda 8 olmaqla 17 cüdoçu ilə təmsil olunacaq.
Əvvəlki iki dünya çempionatını əliboş başa vuran yığmamızın tilsimi qıracağı gözlənilir. Son uğurlarına nəzərən tarixin ən güclü heyəti adlandırılan kişilərdən ibarət millimizin rekord göstəriciyə imza atacağı da istisna deyil. Altı çəkidə yer alan 9 cüdoçunun hər biri müxtəlif turnirlərdə adından söz etdirməyi bacarıb. Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Elxan Məmmədov və Elmar Qasımov titullarına görə favoritlər sırasındadırlarsa, Məmmədəli Mehdiyev, Tural Safquliyev və Uşanqi Kokauri də "hazır tikə" deyil.
60 kq
Orxan Səfərov - Rio Olimpiadasının beşincisi. Üçqat AÇ, bir dəfə DÇ mükafatçısı. Beynəlxalq Cüdo Federasiyasının "Dünya Turu" seriyasından olan turnirlərinin dördqat qalibi.
Titulları Orxan haqqında çox şey deyir. Dörd il əvvəl Rio De Janeyroda keçirilən dünya çempionatında Piter Zayzenbaxer tərəfindən sürpriz şəkildə heyətə daxil edilib, qazandığı bürünc medalla etimadı doğruldan Səfərov növbəti tsiklın ilk böyük imtahanına artıq əsas medal ümidlərimizdən biri kimi yola düşür. Artan təcrübəsi, son vaxtlar formada olması Orxana bəslənən ümidləri ikiqat artırır.
Hərçənd, son Olimpiya çempionu rusiyalı Beslan Mudranov istisna olmaqla, digər favoritlərin iştirak edəcəyi mübarizədə təmsilçimizin işi gözləniləndən də çətin olacaq. Naohisa Takato və Ryuju Naqayamadan ibarət Yaponiya dueti, son Avropa çempionu rusiyalı Robert Mşvidobadze, son Olimpiya vitse-çempionu qazaxıstanlı Yeldos Smetov isə əsas rəqiblərdi.
66 kq
Nicat Şıxəlizadə - Dünya və Avropa çempionatlarının bürünc mükafatçısı, "Dünya Turu" seriyasından olan turnirlərin dördqat qalibi.
Hələ 17 yaşında ikən dünya çempionatının bürünc medalını qazanan 29 yaşlı cüdoçumuz 12 illik susqunluğu pozmaq üçün ideal formadadır. Şıxəlizadə hazırkı texniki və fiziki xüsusiyyətlərinə görə çəkisində heç kimdən geri qalmır. Artan təcrübəsi onu favoritlər sırasında öncül cərgəyə qoyur.
Nicatın əsas rəqibləri isə şübhəsiz ki, son Olimpiya Oyunlarının finalçıları - italiyalı Fabio Bazil və cənubi koreyalı Baul An, son Avropa çempionu ukraynalı Georgi Zantaraya, son iki Tokio "Böyük Dəbilqə"sinin qalibi yaponiyalı Abe Hifumidi.
73 kq
Rüstəm Orucov - Olimpiya vitse-çempionu, Avropa çempionu, "Dünya Turu" seriyasından olan turnirlərin altıqat qalibi.
Hidayət Heydərov - Son Avropa çempionu. Paris "Böyük Dəbilqə"sinin bürünc mükafatçısı
Göründüyü kimi, Rüstəmin kolleksiyasında sadəcə dünya çempionatının medalı yoxdur. Bunun üçün də o, komanda yoldaşlarından daha istəklidir deyə bilərik. Ulduzu parladığı, ard-arda dövri turnirlərin baş mükafatını qazandığı 2015-ci ildəki mundialı zədə səbəbindən buraxan Orucov Olimpiya çempionu yaponiyalı Şohey Ononun yoxluğunda, bir növ, ötən tsiklin ən yaxşısı ünvanına sahibdir.
Heydərov isə son çıxışları ilə dünya cüdo ictimaiyyətinin nəzərini üzərinə cəlb edib. 20 yaşlı vunderkind yeni Olimpiya dövrünün əsas tapıntılarındandır. Onun bu çempionatda hansı nəticəni göstərəcəyi tək bizim üçün deyil, bütün cüdosevərlər üçün olduqca maraqlıdır.
Cüdoçularımızın əsas rəqiblərinə gəldikdə, burada xüsusi olaraq yaponiyalı Soiçi Haşimotonun adını çəkmək lazımdır. Uzun müddət yığmada Şohey Ono - Riki Nakaya duetinin kölgəsində qalan 26 yaşlı cüdoçu özünü sübut etmək istəyi ilə alışıb-yanır. Son dövri yarışlarda yüksək texnikası ilə seçilən Haşimotonu mütəxəssislər təmsilçilərimizə əsas rəqib olaraq vurğulayır.
Fəxri kürsüyə gedən yolda təmsilçilərimizə maneə yarada biləcək digər cüdoçular isə cənubi koreyalı Çanqrim An, gürcüstanlı Laşa Şavdatuaşvilidi.
90 kq
Məmmədəli Mehdiyev - Rio Olimpiadasının yeddincisi, Bakı "Böyük Dəbilqə"sinin gümüş mükafatçısı
Tural Safquliyev - "Dünya turu" seriyasından olan turnirlərin biri qızıl olmaqla, dördqat mükafatçısı
Mehdiyev Rio Olimpiadasına vəsiqəni son anda qazansa da, dördilliyin əsas yarışında özünü ən yaxşı tərəfdən göstərmişdi. Son Avropa çempionatında medal qazanmasa da, uğurlu çıxışla yadda qalan 24 yaşlı cüdoçumuz Macarıstan paytaxtında medal qazanmaq iqtidarındadır.
Tural isə Mehdiyevə nisbətdə bir qədər inamsız təsir bağışlasa da, ayrı-ayrı vaxtlarda çıxışı ilə bizləri təəccübləndirməyi bacarıb.
Son Olimpiya çempionu yaponiyalı Maşu Bakerin mundialı buraxması və vitse-çempion gürcü Varlam Lipartelianinin çəkisini dəyişməsi təmsilçilərimiz üçün müsbət amil hesab edilsə də, bu çəkinin rəqabət səviyyəsi heç də aşağı deyil. Son dünya çempionu cənubi koreyalı Qvak Donqhan, gürcüstanlı Beka Qviniaşvili, serbiyalı son Avropa çempionu Aleksandar Kukolj, rusiyalı Kusen Kalmurzayev isə çempionluğa əsas namizədlərdi.
100 kq
Elmar Qasımov - Olimpiya vitse-çempionu, ikiqat AÇ mükafatçısı, "Dünya Turu" seriyasının beşqat qalibi
Elxan Məmmədov - dünya və Avropa çempionu, dünya çempionatının bürünc, Avropa çempionatının gümüş və iki dəfə bürünc mükafatçısı. "Dünya Turu" seriyasının altıqat qalibi.
Göründüyü kimi, Rüstəm kimi Elmarda da çatışmayan sadəcə DÇ mükafatıdır. Lakin Rüstəmə nisbətdə Elmarın bu boşluğu doldurmaq şansı bir qədər az görünür. Tsikl başlayandan çıxışında nəzərəçarpacaq eniş müşahidə edilən Qasımova ümidlər ən azından əvvəlki qədər deyil. Buna baxmayaraq, Qasımovun turnirdə istənilən nəticəni qazanması da istisna deyil. Bunun üçün onun kifayət qədər böyük təcrübəsi var.
Polşanın paytaxtı Varşavada keçirilmiş son Avropa çempionatında möhtəşəm çıxış sərgiləyərək, Rio Olimpiadasının gümüş və bürünc mükafatçılarını üstələməklə qızıl medal qazanan Elxan Məmmədovun da zədəli olması ona bəslənən ümidləri bir qədər azaldır.
İştirakçılara nəzər saldıqda, onlardan dördünün dünya çempionu olması diqqət çəkir. Elxandan başqa ayrı-ayrı vaxtlarda braziliyalı Lusiano Korrea, qazaxıstanlı Maksim Rakov və yaponiyalı Haqa Ryonusuke dünyanın ən güclüsü olub. Onlardan Ryonusuke son dünya çempionu adına sahibdir. Fransız Siril Mare, gürcüstanlı Varlam Liparteliani, rusiyalılar Kazbek Zankişiyev və Kiril Denisovun da yer aldığı bu çəki dərəcəsi kifayət qədər gərgin rəqabət vəd edir.
+100 kq
Kokauri Uşanqi - Almatı Qran-Prisinin gümüş mükafatçısı
Komandamızın üzvləri arasında nisbətən zəif təsir bağışlayan Uşanqi Kokauridir. Lakin ayrı-ayrı yarışlarda mükafatın bir addımlığınadək gələn gürcü legionerin sürpriz etməsi istisna olmamalıdır. Yol kifayət qədər çətin görünsə də, cüdonun sürprizlərlə dolu idman növü olduğunu yada salmaq lazımdır.
Qadınlardan ibarət millimizə gəldikdə, burada əsas diqqət ilin əvvəlində milliləşdirilən legionerlərə yönələcək. Açığı, demək olar, bütün favoritlərin iştirakı ilə baş tutacaq mundialda əvvəlki yarışlarda zəif təsir bağışlayan bu legionerlərin hansısa nəticə qazanması qəliz görünür. Yerlilərdən isə nisbətən 52 kq-da mübarizə aparacaq Nəzakət Əzizova inamlı təsir bağışlayır. Ümumilikdə son üç mundialda medal qazana bilməyən qızlarımızın bu susqunluğu pozacağı inandırıcı görünmür.
Kişilərdən ibarət komandamızın mundial perspektivlərini ikiqat paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyevlə də müzakirə etdik. Komandamızın üzvləri ilə birlikdə mütəmadi təlim-məşqlərdə iştirak edən tanınmış cüdoçumuz bunları qeyd etdi: "Bütün komanda yaxşı formadadır. Yaponiya, Macarıstan və digər ölkələrdə yüksək hazırlıq keçiblər. Məsələn, Orxan Səfərovun hazırkı forması medala böyük ümid verir. Bayaq özü ilə də danışdım, əhval-ruhiyyəsi əladır.
Nicat Şıxəlizadənin də medal şansı böyükdür. Ondan hətta çempionluq da gözləyirəm. Düzdür, qrupda rusiyalı Pulyayevlə mübarizə ona çox çətin olacaq, çünki görüşlərinin statistikası uğurlu deyil. Ancaq Nicat son vaxtlar çox yaxşı formadadır.
Hidayət Heydərovla Rüstəm Orucovun finala yüksəlmək üçün şansları böyükdür. Hər ikisi əla formadadır. Hidayət böyüklərin yarışında yeni olduğu üçün döyüş texnikası rəqibləri üçün yaddır. Bu səbəbdən, mübarizə aparmaq onun üçün Rüstəmə nisbətdə daha rahatdır.
Məmmədəli Mehdiyev və Tural Safquliyev də medala ümid yaradan cüdoçulardır. Xüsusən də Mehdiyev son vaxtlar çox artırıb.
Elmar Qasımova gəldikdə, o, elə bir cüdoçudur ki, ondan hər an hər şey gözləmək olar. İstənilən rəqibə qalib də gələ, məğlub da ola bilər. Onun üçün konkret nəsə demək istəmirəm.
Elxan Məmmədova zədəsi maneə yaradacaq deyə düşünürəm. Qrupda da bəxti heç gətirməyib. Çox ciddi rəqiblərlə düşüb elə ilk mərhələlərdəcə.
Bəxt Elxan kimi Uşanqi Kokauridən də yan keçib. Elə ilk görüşdəcə Braziliya əfsanəsi Rafael Silva ilə düşüb. Ancaq deyim ki, o, Silvanı bir dəfə məğlub edə bilib. Yəni, hər şey ola bilər. Lakin qrupda yer aldığı əfsanəvi Rineri yenmək şansı 1/1000-ə bərabərdi".
Kişilərdən ibarət komandanın baş məşqçisi Fərhad Məmmədov dünya çempionatının bütün yarışlardan, hətta Olimpiadadan daha rəqabətli mübarizə meydanı olduğunu deyir: "Bura favorit ölkələr iki idmançı ilə gəlir. Məsələn, elə çəkilər var ki, orada bir yarımqrupa bir, digərinə bir Yaponiya idmançısı düşür. Eləcə də Cənubi Koreya, Fransa, Gürcüstan və digər favorit ölkələrin cüdoçuları. Buna görə dünya çempionatı Olimpiadadan da çətin yarış sayılır".
Məmmədov cüdonun sürprizlərlə dolu olduğunu vurğulamaqla, daha çox inandığı cüdoçuların adlarını açıqlayıb: "Hazırlığımız yaxşı keçdi. Komandada ümumi ab-hava da yüksək səviyyədədir. Yarışların ən mürəkkəbi olsa da, təbii ki, bizim də gözləntilərimiz var. Orxan Səfərovdan, Nicat Şıxəlizadədən, Rüstəm Orucovdan, Hidayət Heydərovdan, o cümlədən 100 kq-dakı təmsilçilərimizdən medal gözləyirəm".
Sahib ƏSƏDBƏYLİ