Ülvi VÜQARLI
Bəhram Bağırzadə Sportnet.az saytına açıqlamasında futbolçuların çox pul aldıqlarını, lakin onların bu pula layiq oyun göstərmədiklərini deyib. İstənilən futboldan az-çox başı çıxan adam bu sözlərin müəllifini tanımasa belə, peşəkar olmadığı qənaətinə gələr.
Bəli, Bəhram bəyin açıqlamaları elə azarkeş səviyyəsindədir. Azarkeş üçün isə fərqi yoxdu kiminlə oynayırsan, harda oynayırsan, hansı şəraitdə oynayırsan - ona qələbə lazımdır. Xüsusən Bəhram Bağırzadə kimi daim KVN-də qələbə qazanan biri üçün azarkeş kimi məğlubiyyəti qəbul etmək çətindir. Azarkeş qələbə olmayanda əsəbiləşir, tənqid edir, hətta təhqirə keçir. ABŞ-a məğlubiyyətin ona qədər səbəbini göstərmək olar ki, bu da tam normaldır: səviyyə fərqi, səfər amili, vaxt fərqi, azarkeşlər, yoldaşlıq oyunu olması və bu səbəbdən də eksperiment xarakteri daşıması... Lakin mən Bağırzadənin açıqlamasının nə qədər peşəkarcasına olub-olmamasına deyil, futbolçuların neftçilərdən daha çox maaş alması barədə dediyi fikirlərində dayanmaq istəyirəm.
Bəhram bəy neftçiləri futbolçularla müqayisə edir, amma Azərbaycanda daha vacib sahələr var ki, orada çalışanlar neftçilərdən də az əmək haqqı alırlar. Bağırzadədən fərqli mən düşünürəm ki, futbolçular layiq olduqları pulu qazanırlar. Lakin onu da, məni də, hamını da qıcıqlandıran odur ki, ölkədə müəllimlər, həkimlər, neftçilər və s. daha vacib və strateji sahələrdə çalışan peşə adamları futbolçularla müqayisədə qəpik quruş alırlar. Axı müqayisə etdikdə bu sahələrin adamları daha əhəmiyyətli sahədə çalışır.
Məsələn, müəllim. O, bir aya təxminən 200-300 manat əmək haqqı alır. Müəllim bu qədər maaşla gələcəyin Eynşteynini, Korolyovunu, Landausunu yetişdirə bilərmi? Demirəm ki, futbolçuların gəliri azaldılsın, amma müəllimlərin də maaşı belə qalmamalıdır. Orta səviyyəli futbolçunun aylıq gəlirinin 20 min manat, müəllimin maaşının isə 300 manat olduğunu nəzərə alsaq, onda məlum olar ki, futbolçu müəllimdən 66-67 dəfə çox qazanır. Fərq dəhşətli dərəcədə böyükdür. Hətta bu fərqi bir əcnəbiyə göstərsən, o, ayrı-ayrı peşə adamlarının Azərbaycanda yaşamasına inanmaz.
Əlbəttə, futbol da lazımdır. Amma təhsil daha vacıbdir. Təhsil verən müəllim gələcəyin alimini, həkimini, iqtisadçısını, siyasətçisini, hüquqşünasını və ... futbolçusunu yetişdirir. Bəli, həm də futbolçusunu, çünki futbolu təkcə ayaqla yox, həm də başla, yəni ağılla, biliklə oynayırlar. Biliyi verən isə müəllimdir. Amma müəllim indiki şəraitdə 150, 200, 300 manat maaş almaqla heç vaxt yüksək səviyyəli kadr hazırlaya bilməz.
Hər il neft gəlirlərindən futbolun inkişafına külli miqdarda pul ayrılır. Lap yaxşı, qoy ayrılsın. İnanırıq ki, bu, tezliklə öz bəhrəsini verəcək. Amma belə məbləğlər təhsilə də səhiyyəyə də və s. əhəmiyyətli sahələrə də ayrılmalıdır. Nigeriya da neft ölkəsi sayılır. Lakin bu ölkə uzun müddət qeyri-sabitlikdən, korrupsiyadan, iqtisadiyyatın yox səviyyəsində olmasından, düzgün olmayan idarəetmədən əziyyət çəkib. Neftin bol olduğu vaxtlarda hakimiyyətdə təmsil olunanlar xalqın avamlığından, cahilliyindən istifadə edərək neftin pullarını ələ keçirərək, öz aralarında bölüb. Düzdür, hazırda Nigeriya futbolu ölkədə tanınmışlardandır, amma ölkə iqtisadiyyatı çökmüş vəziyyətdədir. Bu gün Nigeriya həyat səviyyəsinə görə dünyada 177-ci yerdədi. Əhalinin 70%-i yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.
Azərbaycan isə əlbəttə, Nigeriya deyil. Nə xalq o qədər də cahildir, nə də hakimiyyət xalqı düşünməyəcək qədər laqeyd. Şəxsən mən inanmışam və bu qənaətə gəlmişəm ki, müəllimlərin maaşlarının qaldırılmamasının ciddi səbəbləri var, yəni bilərəkdən, xalqı təhsilsiz qoymaq məqsədi ilə edilmir. Amma unutmaq olmaz ki, bir gün neft qurtaracaq. Əhalinin yaxşı yaşamasını ölkədə yetişən mütəxəssislər təmin etməli olacaqlar. Həmin mütəxəssisləri isə müəllimlər hazırlamalıdır. Müəllim rahat şəkildə, yalnız işini düşünərsə yaxşı mütəxəssis hazırlaya bilər. Bunun üçün isə maddi cəhətdən təminatlı olması vacibdir.
Yazıma Bəhram Bağırzadənin jurnalistin "Problemin kökü nədədir?” sualına cavabı ilə nöqtə qoymaq istəyirəm: "Təhsildə. Bizdə təhsil sistemi düzgün qurulsaydı... Tək təhsil yox, dünyagörüşü də önəmlidir. Birinci təhsildir, onu da məktəb verməlidir, valideyn verə bilmir”.
Zənnimcə bu sözlərdən sonra təhsili verənin müəllim olması, müəllimin yaxşı təhsil vermək üçün maddi cəhətdən təminatlı olması haqda yenidən ətraflı yazmağa ehtiyaac yoxdur.