
“Red Bull” komandasının Formula 1 üzrə dördqat dünya çempionu Maks Ferstappen Bəhreyndə keçirilən mövsümöncəsi sınaq yürüşlərinin son günündə “Uilyams”dan Lük Brauninqi orta barmağı ilə salamlayıb.
Sportnet.az xəbər verir ki, bununla bağlı “Motorsport-Total” nəşri məlumat yayıb.
Nəşr yazır ki, ilkin ehtimallarda Ferstappenin orta barmağını RB21-in texniki detallarını çəkmək istəyən fotoqrafa göstərdiyi bildirilirdi. Ancaq görünür, hər şey tamamilə fərqli olub. Çünki körpüdə dayanan şəxs Ferstappenin dost olduğu “Uilyams” akademiyasının üzvü Lük Brauninq olub. Beləliklə, orta barmaq fotoqrafı təhqir etmək məqsədi daşımayıb, sadəcə olaraq, köhnə tanışın "mehriban salamı" olub”.
Qeyd edək ki, Formula 1 üzrə yeni mövsüm 16 martda Avstraliyada start götürəcək. Bu ilin Azərbaycan Qran-Prisi 19-21 sentyabrda baş tutacaq.