Aprelin 4-də Prezident İlham Əliyevin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlini vəzifəsindən azad etməsi ölkə mediası üçün gözlənilən olsa da, ortaya bəzi suallar çıxdı. Xüsusən də illərdir KİVDF-dən “qidalanan” qəzet redaksiyaları bu qurumun rəhbərliyində baş verən dəyişikliyin nə ilə nəticələnəciyini həyacanla gözləməkdədir.
Məsələn, KİVDF-nin yeni icraçı direktoru Əhməd İsmayılovun media sahəsində həyata keçirəcəyi islahatlar, qəzet redaksiyaları ilə ənənəvi əməkdaşlıq prinsipilərinin dəyişib-dəyişməyəcəyi və bu yeniliklərin onlara təsirsiz ötüşüb-ötüşməyəcəyi haqda narahatçılıqlar get-gedə artmaqdadır. Lakin yeni icraçı direktora ölkə başçısı tərəfindən hansı təlimatların verildiyi hazırda çox məhdud çevrəyə bəll olduğundan, bizim indidən bu haqda fikir yürütməyimiz doğru olmaz.
Heç şübhəsiz, doğru olan 2009-cu ildən KİVDF-yə rəhbərlik edən Vüqar Səfərlinin istefaya göndərilməsidir. Artıq bütün ümidlər yeni kadr sayılan Əhməd İsmayılovadır. Görəsən, idman mətbuatının təcrübəli adları KİVDF-dəki islahatdan nə gözləyirlər, nəyə ümid edirlər?
Qabil Mehdiyev, “İdman” qəzetinin baş redaktoru, AİJF-nin prezidenti: “Bu təyinat cənab Prezidentin ölkədə apardığı islahatların tərkib hissəsidir. Bunu ölkə rəhbərliyinin mediaya dəstəyinin yeni mərhələsi kimi qəbul etməliyik. İnanıram ki, bu vəzifəyə gənc kadrın təyin olunması ölkə mediasında canlanma yaradacaq, dövlət dəstəyinin mətbuata çatdırılması yolunda ciddi addımlar atılacaq. Obyektivliyin təmin olunacağına isə şübhə etməyə dəyməz. Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti olaraq məni ən çox qayğılandıran bu qayğıdan idman mediasının bəhrələnməsidir. Bundan öncəki KİVDF rəhbərliyi idman mətbuatının dövlət dəstəyindən məhrum edildiyini bildirmişdi. Cənab Prezidentin bu təyinatını alqışlamaqla bərabər Əhməd İsmayılovun bu məsələdə bizimlə həmrəy olacağına inanıram. AİJF olaraq KİVDF-nin yeni rəhbərliyi ilə görüşməyə, müzakirələr aparmağa hazırıq”.
Vüsal Mahmudov, Futbolinfo.az saytının baş redaktoru: “Məlum dəyişiklik insanların başının pandemiyaya qarışdığı vaxtda baş verdi. Ona görə də yeni icraçı direktorun kimliyini araşdırmaq imkanımız olmadı. İlkin müşahidələrimə əsasən Əhməd İsmayılovun mətbuatla yaxından-uzaqdan əlaqəsi olmayıb. Amma yenə də işinə qiymət vermək üçün bacarığını, nə edəcəyini görmək lazımdır. Dəyişiklik varsa, deməli, ondan daha yaxşısı, daha artığı gözlənilir, yeni ideyalar vacibdir. Bu gün mediada ciddi yeniliklərə ehtiyac var. Bu fasilə dönəmində yeni rəhbərin mətbuatı araşdırmaq imkanı da olmalıdır. İlk işi konkret addımların atılmasıdır. Nə edəcək, hansı addımlar atılacaq – bunu deyə bilmərəm. Bildiyim odur ki, mütləq şəkildə yeniliklərə ehityac var. Vüqar Səfərli və başqaları yarıtmaz fəaliyyətinə görə işdən uzaqlaşdırılıblarsa, yeni gələnlər ortaya iş qoymalıdırlar. Qısası, indi nə isə demək çətindir. Pandemiyadan sonra atılacaq ilk addımlara baxıb nəsə demək mümkün olacaq. Bu gün gözləməkdən başqa çarəmiz yoxdur”.
Elşən Məmmədov, Sportnet.az saytının baş redaktoru: “Bəli, Əhməd İsmayılov mediaya tanış sima deyil. Amma gənc kadrdır, son vaxtlar müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışması onun təşkilatçılıq bacarığından və ciddi əlaqələrə malik olmasından xəbər verir. İsmayılıovun belə strateji vəzifəyə təyinatı KİV-ə münasibətdə kəmiyyətə yox, keyfiyyətə önəm verilməsinə yardımçı ola bilər. İdman də dövlətin, şəxsən Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısı Milli Olimpiya Komitəsinə, hökumətin mühüm postlarında çalışanlar böyük idman federasiyalarına rəhbərlik edirlərsə, idman mediasına da diqqət adekvat olmalıdır.
Bu dəyişiklik Azərbaycan İdman Jurnalistləri Federasiyasının fəaliyyətə başladığı dövrə təsadüf etdi. Əvvəllər idman mediasına KİV-ə cavabdeh qurumların diqqətinin azlığının bir səbəbi də bizim bir təşkilat olaraq birləşə bilməməyimiz idi. Amma artıq belə imkan var. Fikrimcə, yaxın müddətdə jurnalistlərlə görüşərkən, KİVDF-nin yeni icraçı direktorunun idman mediası və dövlət qeydiyyatına alınmış, rəsmən tanınan AİJF ilə bir araya gəlməsi də önəmlidir. Çünki idman mediasının problemləri kifayət qədərdir, dövlətin idmana diqqət və qayğısı ilə uzlaşmır”.
Elçin Cəlilov, Futbolpress.az saytının baş redaktoru: “Dövlətin kadr və struktur islahatların son yarım ildə çox sürətlənib. Bütün sahələrdəki dəyişikliklər göz önündədir. Bu da onlardan biridir. Hesab edirəm ki, bu, başlanğıc olmalıdır. Yeni təyin olunan icraçı direktorun kimliyi bizə məlum olmasa da, faydalı olacağına ümid edirəm. Çox istərdim ki, bu dəyişiklik son islahatlar çərçivəsindəki uğurlu dəyişikliklər siyahısında olsun. Bu gün medianın, xüsusən də idman mətbuatının islahatlara ehtiyacı var”.
HƏBİB / Futbol+