"Prezident İlham Əliyevi yenidən MOK-un rəhbəri seçilməsi münasibəti ilə təbrik edir, ona uzun ömür və can sağlığı arzulayıram. Allah Prezidentimizi heç vaxt biz idmançıların üzərindən əksik etməsin. Seçilən şəxslərin hər birini təbrik edir və onlara uğurlar arzulayıram".
Bu fikirləri "Report"a açıqlamasında Milli Olimpiya Komitəsinin sabiq vitse-prezidenti Xəzər İsayev deyib.
X.İsayev Azərbaycanda idman sahəsinin bundan sonra daha da inkişaf edəcəyinə inandığını bildirib: "Bilirsiniz ki, islahatlar aparılıb, müəyyən federasiyalara yeni rəhbərlər seçilib. Bu, məqsədyönlü işi, bütün federasiyaların çox fəal və enerji ilə işləyəcəklərini göstərir. Gənc nəsil gəlir. Yəqin ki, onlar daha da effekli fəaliyyət göstərəcək və Azərbaycan idmanı yüksəklərə qalxacaq".
Sabiq vitse-prezident qurum rəhbərliyinə yenidən seçilməsə də, Baş Məclisin üzvü kimi qaldığını söyləyib: "Rəhbərlik etdiyim Ədalətli Oyunlar Komissiyasının fəaliyyətinin davamının olub-olmayacağı bəlli deyil. Bu barədə söhbətlər gedir. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ilə danışmışıq. Yəqin ki, komissiya fəaliyyət göstərəcək. Birinci fikir budur. Bütün sahələrdə olduğu kimi, gələcəkdə də komissiya ilə bağlı addımlar atılacaq. Hələkik komissiyaya rəhbərlik edirəm. Bu gün Avropada İcraiyyə Komitəsinin üzvü kimi də fəaliyyətimi davam etdirirəm. Həm də hələlik Azərbaycanı təmsil edirəm. Hansısa dəyişiklik olsa, mətbuata məlumat veriləcək. Bundan əlavə, "Gömrükçü" İdman Sağlamlıq Mərkəzinin də direktoruyam. Burada işlərimiz davam edir. Çalışırıq ki, ölkə üçün yaxşı idmançılar yetişdirək".
İsayev onun yerinə Zemfira Mehfahəddinovanın vitse-prezident seçilməsindən xəbərsiz olduğunu deyib: "Baş Məclisin iclasından sonra toplantıdan çıxdıq. Vitse-prezidentlərin seçilməsindən xəbərimiz olmadı".
Qeyd edək ki, bu gün keçirilmiş Milli Olimpiya Komitəsinin (MOK) Baş Məclisində dövlət başçısı İlham Əliyev növbəti müddətə qurumun prezidenti seçilib. Ardınca isə İcraiyyə Komitəsi Azər Əliyevi baş katib, Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftaxetdinova vitse-prezident seçilib.