1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qürur mənbəyimiz
Olimpiyaçı yox, paralimpiyaçı kimi tanınmaq, məşhurlaşmaq onun qismətində imiş. Bəli, bu, bizlərin sevimlisi, fəxrimiz, qürur mənbəyimiz olan İlham Zəkiyevdir. Ad günü Azərbaycanda Dövlət Bədən Tərbiyəsi və İdman Günü ərəfəsinə təsadüf edən bu idmançı artıq milyonların sevimlisinə çevrilib.
Tale elə gətirdi ki, idmana yeni başladığı, cüdoda ölkə daxilində ilk uğurlarını qazandığı bir vaxtda hərbi xidmətə yollanmalı olur. Burada da fərqlənir: Yaxşı fiziki göstəricilərə malik olduğu üçün kəşfiyyat taboruna yazılır. Ancaq hərbi xidmətinin heç yarısı tamam olmamış düşmən snayperinin gülləsinə tuş gəlir. Güllə sol gicgahından girərək sağ gicgahından çıxır. Belə olaydan sonra insanın sağ qalması özü bir möcuzə idi, nəinki idmana qayıtması. Ancaq İlham 5 gün sonra komadan da ayılır, həyata qayıdır. Ancaq dünya işığına həsrət qalır.
Belə ağır zərbədən sonra psixoloji amil böyük rol oynayırdı və insan duruş gətirməsi üçün möhkəm iradəyə sahib olmalı idi. Ancaq Zəkiyev həyata, idmana qayıdır. Ancaq Olimpiya yox, artıq Paralimpiya hərəkatına qoşulur.
Məhz bundan sonra İlham özünü nəinki Azərbaycana, hətta Avropaya, bütün dünyaya tanıtdırır. İlk böyük sınağında – 2004-cü ildə Afina Yay Paralimpiya Oyunlarında öz sözünü deməyi bacarır. Ancaq bu paralimpiya çempionluğu onun üçün nə qədər böyük uğur olsa da, ən yüksək zirvə deyildi. Zəkiyev hələ də heç bir Olimpiya çempionumuzun bacarmadığını, ardıcıl 2-ci dəfə bu tutulu qazanmağı bacarır. Ancaq 2008-ci ildə Pekin Yay Paralimpiya Oyunlarında bu çempionluqdan sonra da mükafat qazana bilir. Düzdür, 2012-ci il London Yay Paralimpiya Oyunlarda medalın əyarı qızı yox, bürünc medal olur. Ancaq əsas odur ki, nailiyyət əldə olunur. Ardıcıl 3 olimpiadada mükafatçısı olmaq hər kişinin, hər idmançının işi deyil.
İndi İlhamı karyerasında 4-cü Olimpiada gözləyir. Bu dəfə məkan okeanın o tayı, Braziliyanın Rio-de-Janeyro şəhəridir. Sözsüz ki, bu il keçiriləcək həmin mötəbər turnirdə əsas məqsəd 3-cü paralimpiya çempionluğudur və 36 yaşlı Zəkiyev növbəti çətin sınaqdan üzüağ çıxmaq üçün ciddi hazırlaşır. Şərq təqviminə görə, bu il onun ilidir və ilk çempionluğunu qazananda da "meymun ili” idi. Yəni 12 il öncə olimpiadanı fəth edən İlhamın ona düşərli ildə yenə böyük uğur qazanmağa böyük şansı var.
Əlbəttə, İlhamın həyatında "Bakı 2015” I Avropa Oyunları da əsas yer tutur. Turnirin açılış mərasimində şərəfli, məsuliyyətli missiyanı yerinə yetirən – Olimpiya məşəlini daşıyan Zəkiyev eyni zamanda bu turnirin iştirakçısı kimi üzərində düşən vəzifəni layiqincə yerinə yetirir. Bu isə tarixdə ilk dəfə keçirilən məsul yarışın qalibi olmaq idi. "Bakı 2015”in qızıl medalına iyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qazanan keçmiş hərbçi bununla da döyüş tapşırığını yerinə yetirmiş olur. Onu qızıl medalla təltif edən Azərbaycan Respublika Prezidenti, Ali baş Komandan, cənab İlham Əliyevlə fəxri kürsüdə birgə dayanmaq qürurverici an idi.
İlham Zəkiyev uğurlarına görə ölkə başçısı tərəfindən 2 dəfə "Şöhrət Ordeni”nə layiq görülüb ki, bu, hər idmançımıza nəsib olmur. Üstəlik, o, Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar” mükafatını qazanan yeganə idmançımızdır.
Zəkiyev eyni zamanda qayğıkeş ailə başçısıdır. Üç övlad (iki oğlan, bir qız) sahibi olan İlham uşaqlarının üzünü görə bilməyib. Onun ən böyük arzusu da bunun həyata keçməyidir. Ürəyini sıxma, qardaş. Allah böyükdür. O ki səni elə ağır yaralanmadan sonra həyata qaytardısa, bu qədər uğurları qazanmağı qismət etdisə, bunu da nəsib edir. Əsas odur ki, inamını heç vaxt itirməyəsən...
Mehman SÜLEYMANOV