Boks üzrə gənclərdən ibarət Azərbaycan yığması Avropa birinciliyinə hazırlığı davam etdirir. Sportnet.az-ın məlumatına görə, Vaqif Şirinovun başçılıq etdiyi komanda təlim-məşq toplanışının son hissəsini Boks Mərkəzində keçir.
Nalçik şəhərində təşkil olunmuş beynəlxalq turnirdə ikinci yeri tutan millimiz plana uyğun olaraq gündə 2 və ya 3 məşqə çıxır.
V. Şirinov Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib ki, təlim-məşq toplanışında əsasən son aylarda beynəlxalq turnirlərdə təcrübə toplayan boksçular iştirak edirlər: "Toplanışımız yüksək səviyyədə keçir. Yarışa az vaxt qaldığından, hazırlığı daha da gücləndirmişik. Komandamızda gözəl ab-hava var. Məşqlər üçün lazım olan bütün şərait yaradılıb. Hazırlıqda 20 boksçu iştirak edir. Sınaq döyüşləri üçün Rusiyadan da idmançılar çağırmışıq. Həmçinin, kişilərdən ibarət millinin və "Qəbələ”nin üzvləri də bəzən bizimlə məşq edib, gənclərlə öz təcrübələrini bölüşürlər. Yarışa aparılacaq heyət demək olar ki, böyük ölçüdə məlumdur. Son sınaq döyüşlərimiz 13-14 oktyabrda olacaq. Çünki Bolqarıstan, Gürcüstan və Rusiyadakı yarışlarda iştirakdan sonra kimin nəyə qadir olduğunu özümüz üçün müəyyənləşdirmişik. Komandamızı birinciliyə hazır hesab edirəm”.
Son mərhələ başa çatdıqdan sonra yığmamız Avropa birinciliyinin keçiriləcəyi Türkiyənin Antalya şəhərinə yollanacaq.
Qeyd edək ki, oktyabrın 21-də start götürəcək qitə birinciliyi ayın 28-də başa çatacaq. Yığmamız yarışda tam heyətlə - 10 boksçu ilə təmsil olunacaq.