Azərbaycan və "Qəbələ” İdman Klubunun təmsilçisi
Pərviz Abdullayev kikboksinq yarışlarında növbəti döyüşünü keçirəcək. Sportnet.az-ın klubun
rəsmi saytına istinadən məlumatına görə, idmançı sabah Belarusun paytaxtı Minsk şəhərində baş
tutacaq döyüşdə qüvvəsini sınayacaq.
O, "Mix Fighter” klubunun təşkil etdiyi "Yeni üfüqlər” yarışının Qrand-final
döyüşlərinin baş tutacağı gecənin iştirakçısı olacaq. Ümumiyyətlə isə burada 14 ölkədən olan idmançılar rinqə çıxacaq.
Əvvəl "Minsk-Arena”nın rinqində dünya yığması ilə təşkilatçı klubun üzvləri
arasında döyüşlər baş tutacaq. Abdullayev bunun ardınca baş tutacaq 4
superdöyüşdən birində gücünü sınayacaq. İdmançımız K1 qaydaları ilə baş tutacaq
döyüşdə 72,5 kq çəki dərəcəsində dünya kəməri uğrunda mübarizə aparacaq.
Kikboksinqçimiz planetin ən güclüsü olmaq
uğrunda mübarizədə Mərakeş idmançısı Raşid Belani ilə üz-üzə gələcək.
Hollandiyanın VOS GYM klubunu təmsil edən rəqibi ilə qarşılaşmanın qalibi
İPCC-nin dünya çempionu adına da yiyələnəcək.Abdullayevin döyüşü Bakı
vaxtı ilə saat 21:00-da başlayacaq. Bütün döyüşlər "Boyets” televiziya kanalı
ilə yayımlanacaq.
Xatırladaq ki, Abdullayev bu ilin yayında Qəbələdə baş tutan döyüşdə çinli Jiao Fukaini nokautla məğlub edib.