Karate dünyasının əfsanələrindən və bütün dövrlərin ən yaxşı döyüşçülərindən biri, 10-cu dan qara kəmər sahibi Hirokazu Kanadzava 3 may 1931-ci ildə Honsyu adasının İvata prefekturasının Miyako kəndində anadan olub. Ailədə beş oğuldan ən böyüyü Hirokazu uşaqlıqdan qardaşları kimi döyüş sənətləri ilə məşqul olub. Onu daha fəal məşqlərə 11 yaşında baş verən bir hadisə təkan verib. Sinif yoldaşları ilə dalaşandan sonra valideyinlərdən birinin onun ənsəsinə vurduğu güclü zərbədən Kanadzava huşunu itirib yıxılır.
O gündən universitetə daxil olduğu illərədək Hirokazu qulaqlarında səs eşidir. Kanadzava bu zərbənin qisasını almaq üçün boş vaxtlarında yorulmadan 5 il məşq edir. Güc və çəki yığmaq üçün məktəbdən sonrakı təhsil aldığı yerdə reqbi komandasının heyətinə qatılır. Axşamlar isə polis məktəbinin cüdo klubunda məşqlər edir. Bir neçə il sona Kanadzava qisasa hazır olur, lakin onu uşaqikən incidən insan bundan xəbər tutaraq görüşdən qaçır.
Tərkibində güclü karate klubu olan Nihon universitetinə daxil olmaq üçün Kanadzava 19 yaşında Tokioya gəlir. Ancaq o ən güclü klubu Takusyoki universtitetində tapır və 1951-ci ildən Funakosi və onun köməkçisi Masatosi Nakayamanın rəhbərliyi ilə məşqlərə başlayır. Bu klub, məşqlərinin ağırlığı və ciddi qaydaları ilə fərqlənir. Kanadzava klubun ən istedadlı şagirdlərindən birinə çevrilir və il yarım sonra o birinci danını alır.
1957-ci ildə Kanadzava JKA-nın təşkil etidiyi Yaponiyanın ilk karate çempionatının kumite yarışlarının qalibi olur. Yarışdan əvvəl sağ əlini sındırsa da, ona azarkeşlik etməyə gələn anasının məyus olmaması üçün çempionatdan imtina etmir. 1959-cu ildə ikinci çempionatda Kanadzava yenidən qalib olur. Bu dəfə o həm kumite həm də katada Yaponiya çempionu olur.
1960-cı ildə onun Şotokan karate-doda parlaq beynəlxalq təlimatçı karyerası başlayır. O Havayda və Amerika Birləşmiş Ştatlarında şef-təlimatçı işləyir, sonra 1962-ci ildə Havay Karate Liqasına rəhbərlik edir. 1963-cü ildə ona 5-ci dan təqdim olunur və Kanadzava Avropaya seminarlara yollanır. 1964-cü ildə isə Kanadzava İngiltərə və Almaniya Demokratik Respublikasının baş təlimatçısı olur. 1966-cı ildə 6-cı dan alan Kanadzava, 5 il sonra növbəti dana layiq görülərək, JKA-nın beynəlxalq şöbəsinin baş təlimatçısı olur. 1972-ci ildə Parisdə WUKO-nun ikinci dünya çempionatında çıxış etmək üçün, ona Yaponiya milli komandasını hazırlaşdırmaq həvalə olunur. Qəfildən onun parlaq karyerası uğursuzluğa doğru gedir.
1977-ci ildə Kanadzava JKA təşkilatından çıxaraq SKİF (Shotokan Karate-do İnternational Federation) istiqamətini – Şotokan Karate-do Beynəlxalq Federasiyasını yaradır. Onun bu addımı ciddi mübahisələr yaradır. Tərəflər fikir ayrılığını idman siyasətində görsələr də, səbəb yalnız bu olmur. Kanadzava həmişə ənənəni qorumağa və karatedə budo ruhunun yaranmasına çalışır, lakin bununla yanaşı o həm də eksperimentlərə hazır olur və qadağalara hörmət qoymur.
Onun avtoriteti o qədər böyük, siyasətisə cəlbedici olur ki, Kanadzavanın təşkilatı sürətlə böyüyür. Hazırda SKİF təşkilatının 72 ölkədə 1.7 milyon üzvü var. Lakin Kanadzava da təşkilatının dağılması probleminin qarşısını ala bilmir. 1 iyun 1990-cı ildə baş təlimatçı Kasuya Hitosi onun yanından gedir və digər təlimatçı qruplarla bir yerdə WSKF (World Shotokan Karate Federation) – Dünya Şotokan Karate-do Federasiyası adlı öz təşkilatını yaradır.
2000-ci ildə Hirokazu Kanadzavaya yüksək – 10-cu dan təqdim olunur. Sensey Kanadzavanın 3 oğlu ailə ənənəsini davam etdirərək Hombu Dodze SKİF-in təlimatçısı olurlar. Onun böyük oğlu Nobuaki Kanadzava japon Karate-do Federasiyasının (JKF) bir neçə dəfə çempionu olur.
1994-cü ildə yaranan Azərbaycan Milli Karate Federasiyası elə həmin il SKİF-ə üzv olur, təşkilatın prezidenti Yaşar Bəşirov isə SKİF Azərbaycanın rəsmi təmsilçisi təyin olunur. Son dünya çempionatından başqa Azərbaycan karateçiləri indiyədək SKİF-in bütün dünya çempionatlarında iştirak edərək böyük nəticələr qazanıblar. 3 ildən bir keçirilən bu nüfuzlu yarışdan əlavə, idmançılarımız Avropa çempionatlarına 1998-ci ilədək qatılıblar. 2016-cı ildə son dəfə Dünya çempionatına qatılan milli komandanın üzvləri vətənə 2 qızıl medalla dönüblər. SKİF-in Dünya və Avropa çempionları arasında Qurban Tağıyev, Fariz Nəcəfov, Rafael Ağayev, Şahin Atamov, Rüstəm Mədətov, Novruz Bəşirov, Namiq Sultanov, Rəhman Hətəmov, Oqtay Məmmədov, Ağabəy Mirzəyev, İmran Quluzadə, Roman Heydərov və Rəvan Ağayev kimi idmançılarımız var.
1994-cü ildə Yaponiyanın Yokohama şəhərində dünya çempionatının komanda yarışlarında Azərbaycan karateçiləri 3-cü yeri tutublar. Bu heyətdə isə Ülvi Quliyev, Füzuli Musayev, Əhməd Hətəmov, Cəfər Əliyev və Yaşar Bəşirovdan ibarət olub. Bundan başqa Hirokazu Kanadzava dəfələrlə Bakıda olub və səfər proqramında onun seminarları, məsul şəxslərlə görüşləri təşkil olunub. Onun Azərbaycana ilk səfəri 1996-cı ildə olub. Hirokazu Kanadzavanın Bakıda seminarı və onun şəxsən imtahan götürərək dan setfikatları təqdim etməsi böyük maraqla qarşılanıb.
1999-cu ildə Hirokazu Kanadzavanın o vaxt Milli Olipiya Komitəsinin prezidenti kimi cənab İlham Əliyevlə ilk görüşü olub. 2003-cü ildə ulu öndər Heydər Əliyevin 80 illik yubileyinə həsr edilən ilk beynəlxalq “Prezident kuboku” turnirində Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevlə növbəti görüş keçirilib. Yarışın təntənəli açılış mərasimində Hirokazu Kanadzava Azərbaycan karteçilərinin yüksək beynəlxalq nəticələrini nəzərə alaraq, ölkənin ali idman qurumunun rəhbəri cənab İlgam Əliyevə 9-cu dan fəxri kəmər təqdim edib.
Həmin günlər Kanadzava Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinosla da Bakıda görüşür. Paytaxtımızda baş tutan bu görüş dünya karatesinin tarixində maraqlı görüşlrədən biri kimi yadda qalıb.
Əfsanəvi karateçi olmaqla yanaşı yazıçı da olan Hirokazu Kanadzava 8 dekabrda 88 yaşında vəfat edir.
Azərbaycan Milli Karate Federasiyasının kollektivi əfsanəvi karateçi Hirokazu Kanadzavanın ölümündən kədərləndiyini bildirir, bu ağır itkiyə görə dünya karate ailəsinə başsağlığı verir. Allah rəhmət eləsin!