Ukraynanın tanınmış boksçusu Aleksandr Usik 2011-ci ildə Bakıda keçirilmiş dünya çempionatında Azərbaycan boksçusu Teymur Məmmədova uduzması qarşılığında pul təklifi alıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə keçmiş dünya çempionunun özü "2+2" telekanalına açıqlama verib. Usik bildirib ki, ona pul 91 kq çəki dərəcəsində final görüşündə Məmmədova uduzması qarşılığında təklif olunub: "Mənə pul təklif etməyə gəlmişdilər. Cavabım isə belə oldu: "Yelizaveta adlı qızım var. O, böyüyür və ailəsi olacaq, övladları, mənim nəvələrim doğulacaq. Nəvəm məktəbə gedəndə kimsə ona deyəcək: "Sənin baban satılıb, pula getdi və satıldı. Biz isə ondan qızıl medal gətirməsini istəyirdik". Bu, qəbulolunmazdır. Bağışlayın, uşaqlar, buradək uzun yol qət etmişəm. Pul mənim üçün prioritet deyil".
Qeyd edək ki, final görüşündə Aleksandr Usik Teymur Məmmədova 25:15 hesabı ilə qalib gələrək, dünya çempionu olub. Bu, Usikin dünya çempionatlarında ilk və yeganə qızıl medalı olub. 2012-ci il London Yay Olimpiya Oyunlarının da qalibi olduqdan sonra o, WSB yarımpeşəkar liqasına keçib.
Sportnet.az Usik - Məmmədov görüşünün video-görüntülərini təqdim edir...