![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739018065_whatsapp_image_2025-02-07_at_19.03.30-1.jpg)
“Türkiyə Super Liqasının ən güclü komandalarından birinə qarşı oynadım. Amma “Qalatasaray”a vurduğum qolun karyeramda heç bir xüsusiliyi olmayacaq”.
Bu sözləri Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının və Türkiyə I Liqasında çıxış edən "Boluspor" klubunun futbolçusu Vüsal İsgəndərli deyib.
O, Türkiyə Kubokunun II təsnifat mərhələsinin oyununda "Qalatasaray"a vurduğu qol barədə danışıb. 29 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatan görüşün 11-ci dəqiqəsində qol vurmasından məmnunluğunu dilə gətirib: “Bu oyunda qol vurmaq gözəl hiss idi. Bu həftə oynayacağımız “Ankara Keçiörengücü” ilə qarşılaşmada da qol vursam, mənim üçün hər ikisi bərabər sayılacaq. Əsas komanda adları deyil. Vacib olan fərqlənmək və komandama kömək etməkdir”.
İsgəndərli Azərbaycandan transfer təklifləri olduğunu açıqlasa da, komandasında qalıb milliyə çağrılmaq istədiyini deyib: “Son dönəmlər az şans qazanıram. Buna da baş məşqçinin seçimi deyirəm. Hər zaman öz işimi əlimdən gəldiyi qədər yaxşı edirəm. Gələcəkdə də daha çox şans veriləcəyinə inanıram. Komanda adları deməyim düz olmaz, amma Azərbaycandan mənə güvənən məşqçilər vardı. Ölkəmdə mənə inanan bütün baş məşqçilərə təşəkkürümü bildirirəm. Formadan düşdüyümü deməzdim. Sadəcə, az şans qazanıram. Çox oynayıb milliyə qayıtmağı gözləyirəm”.
Qeyd edək ki, Vüsal İsgəndərli 2024-cü ilin yanvarından çıxış etdiyi "Boluspor"da cari mövsüm ilk qolunu kubok oyununda "Qalatasaray"a vurub. Sonuncu dəfə 2024-cü ilin yayında Azərbaycan millisinin heyətinə dəvət alan İsgəndərli Fernandu Santuşun baş məşqçi təyinatından sonra yığmaya çağrılmayıb.