
Azərbaycan Premyer Liqasının XXVII turunun “Səbail” – “Neftçi” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– Erkən qollar üçün savaşdınız. 2 qol vursanız da, narahatlıq sezilirdi…
– Narahatlığın səbəbi fasiləyə yaxın uzaqdan buraxılan qol idi. Qələbə qazanmaq istəyirdik. Qarşıda fasilə var və üç xal bizə yaxşı əhval verəcəkdi. Narahatlıq ondan idi ki, qol buraxdıq və ardı gələ bilərdi. Oyunu eyni tempdə davam etdirib, qollar vura bilərdik. Matçın birinci hissəsində yaxşı oynayıb, hücumlar edib, iki qol vurduq. Fasilədən sonra döyüşməli olursan. Müdafiədən oynamağımızla bağlı tənqid ola bilər, amma uşaqlar sınaqdan üzüağ çıxdı. Rəqibə çox epizod vermədik. Uşaqlar sona qədər mübarizə apardılar. Üç xal bizimçün çox önəmli idi.
– Qarşıda millinin oyunları ilə əlaqədar fasilə var. Belə fasilələr bəzi komandlar üçün faydalı, bəziləri üçün pis olur. Sizə necə təsir edəcək?
– Zədəli oyunçularımız üçün yaxşı olacaq. Onlara bu fasilə kömək edəcək. Lakin heç bir komanda belə fasilələrlə razı olmur. Çünki yaxaladığın tempdən düşə bilirsən. Fasilənin mənfi tərəfləri də var.
– “Neftçi” mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilməzsə, istefa verəcəksiniz?
– Verməliyəm? Yəni, getməliyik? Nəzərə alaq ki, bu komandanı 5 xalla götürmüşük? Avrokuboklara vəsiqə qazanılmazsa, uğursuzluq olar. Komandanı pis vəziyyətdə götürmüşəm və indi düzgün yoldayıq. Çempionatda da riyazi şanslarımız var. Bunlar istefaya səbəbdir? Dediyinizin arxasında nələrsə gizlənir? Əmin edirəm ki, siz və sizin kimilərin sözlərinin arxasında çox şey gizlənir. Biz öz işimizdəyik və canla-başla çalışırıq. Sual veriləndə nəzərə alın ki, sonrasında nələr yazılacaq, deyiləcək. Nə üçün olmayan şeydən nəsə çıxarırsınız? Mənim qarşıma qoyulan hədəflərdən, etdiyimiz söhbətlərdən xəbəriniz yoxdur.
– Sizcə, bu heyətlə istədiyiniz nəticəyə çata bilərsiniz?
– Yeni mövsümdə nə olacaqsa, sonra danışacağıq. Bu gün şəxslərin adlarından danışmaq yersizdir. Ən azından bilirik ki, çempionat bitənə kimi bu futbolçularla yolumuza davam etməliyik. Bizdən öndə olan komandalar var ki, sırf oyunçuların döyüşməsi hesabına bu yerə gəlib. Bura gələndə hansı yükün altına girdiyimizi bilirdik. Elə mövqelər var ki, ora mənim istədiyim tipdə oyunçular lazımdır.