
“Birinci və ikinci qolu standart vəziyyətdən, fərdi səhvlər üzündən buraxdıq. Üçüncüyə gəldikdə, top iki nəfərin arasında qaldı, belədə qapımızda qol gördük. Bu səhvlərimizin üzərində işləməliyik”.
Bu sözləri “Şamaxı”nın futbolçusu Rüfət Abbasov Azərbaycan Premyer Liqasının XXXIV turunda səfərdə “Sabah”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra sportnet.az-a açıqlamasında deyib.
20 yaşlı müdafiəçi Premyer Liqada yerlərini hələ ötən turlardan təmin etmələrinə baxmayaraq, bu görüşə də qələbə istəyi ilə çıxdıqlarını bildirib: “Sabah” yaxşı komandadır, keyfiyyətli futbolçuları var. Premyer Liqada qalmağımız dəqiqləşsə də, qələbə qazanmaq istəyirdik. Əfsus ki, alınmadı. Futboldur, bəzən məğlub da olursan, bərabərə də qala bilirsən. Çalışacağıq ki, bundan sonrakı iki oyunda xal və ya xallar qazanaq”.
Abbasov bu matça start heyətdə çıxmamasına isə belə reaksiya verib: “Ayxan Abbasovun qərarıdır, hörmətlə yanaşıram. Nə qədər şans verilsə, özümü göstərməyə çalışacağam”.
Qeyd edək ki, “Şamaxı” 34 turdan sonra 36 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alır.