
2025/2026 mövsümündə Azərbaycan I Divizonunda komanda sayı Premyer Liqadakından az olacaq.
Sportnet.az xəbər verir ki, belə bir vəziyyət AFFA İcraiyyə Komitəsinin elitada komanda sayının 10-dan 12-yə artırılmasına dair qərarından sonra yaranacaq.
I Liqadan Premyer Liqaya 3 klub yüksələcəyi halda, II Liqadan I Liqaya elə eyni sayda kollektiv birbaşa vəsiqə qazanacaq. Dördüncü komanda isə I Liqada 9-cu yeri tutan klubla pley-off oynayacaq. Yəni, yenə də I Liqada say elə 10 olaraq qalacaq.
Halbuki beynəlxalq təcrübəyə əsasən, I Liqadakı komanda sayı yüksək liqadakından az olmamalıdır. Hətta bir çox hallarda bu sayın daha çox olduğunu görürük.
Belə anlaşılır ki, AFFA İcraiyyə Komitəsi Premyer Liqada komanda sayını artırarkən, I Liqada da sayı artırmağın gərəkliyini ya unudub, ya da sadəcə, pafos, publikaya işləmək xatirinə bunu edib.
Amma yenə də gec deyil. Necə deyərlər, ziyanın yarısından da qayıtmaq xeyirdir. AFFA Lisenziyalaşdırma Komissiyasının son qərarları da buna imkan verir.
Yəni, II Liqadan ilk 3 vəsiqəni təmin etmiş "Şahdağ Qusar", "Şəfa" və "Şimal" komandaları ilə yanaşı, 4-5-ci yerlərin sahiblərini (hazırkı duruma görə "Hypers Guba" və "Şəmkir") də I Liqaya birbaşa vəsiqə ilə buraxmaq olar. Turnir cədvəlində 6-cı yeri tutan komanda (hazırda "Dinamo") I Liqada 9-cu yeri tutan klubla (hazırda "Difai") pley-off oynaya bilər. Sonuncu yerdə gedən komanda (hazırda "Qaradağ Lökbatan") isə I Liqanı tərk etməlidir.
Peşəkar Futbol Liqasının Media və Marketinq direktoru Sənan Abdullayev Sportnet.az-a açıqlamasında bildirib ki, I Liqada komanda sayının artırılması barədə hər hansı məlumata malik deyillər. Onun sözlərinə görə, Lisenziyalaşma Komissiyasının əlavə 2 komandaya da lisenziya verməsini "Şəmkir"in pley-offda oynamaq şanslarının olması ilə əlaqələndirmək mümkündür.
Hər halda, I Liqada komanda sayının artacağı indiki halda real deyil. Çünki say artımı həm də onların hər birinə dövlət tərəfindən əlavə 500 min manat ayrılması və ya Premyer Liqada olduğu kimi, 10 kluba ayrılan ümumi məbləğin (I Liqada 5 milyon manat) 10 deyil, 12 klub arasında bölüşdürülməsi deməkdir. Bu halda hər bir klubun dotasiyası 100 min manatadək azalacaq.