
"Çətin matç keçdi. Çalışdıq ki, həm yaxşı oynayaq, həm də yaxşı nəticə əldə edək. Düşünürəm ki, bunu bacardıq".
Sportnet.az-ın məlumatına görə, bunu “Kəpəz”in futbolçusu Rauf Hüseynli Azərbaycan Premyer Liqasının XXXIV turunda evdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
25 yaşlı müdafiəçi penalti zərbəsinin ona həvalə olunmasında xüsusi səbəbin olmadığını bildirib: "Əvvəlki penaltiləri də özüm vurduğumdan, yenə mənə güvənirdilər. Bu inamı doğrultduğum üçün şadam".
Hüseynli Azərbaycan Premyer Liqasında bütün oyunları izlədiklərini söyləyib: "Təkcə "Səbail"in büdrəməsi üçün "Zirə" ilə qarşılaşmasını izləmirdik. Öz oyunumuza köklənmişdik ki, qələbə qazanaq. Onların I Liqaya enişinin rəsmiləşməsi təzyiqi üzərimizdən bir qədər atdı. Amma "Sumqayıt"la aramızda bir xal fərq var idi deyə, bu oyuna da ciddi hazırlaşmışdıq".
"Kəpəz" Mövsümün ilk 8 turunda xal qazana bilmədiyi üçün I Liqaya düşməyə əsas namizəd sayılırdı. Gəncə komandasının futbolçusu bu vəziyyətdən çıxmağı bacardıqlarını vurğulayıb: "Mövsümün əvvəllərində bir qədər bəxtsizlik oldu. Amma xeyirlisi belə imiş. Sevinirik ki, Premyer Liqada qala bildik. Xüsusən, mövsümün ikinci yarısında ən çox xal toplayan komandalar arasındayıq. Qələbələr qazanaraq aktivimizə çoxlu xallar yazdırdıq. Komanda şəklində hər kəs məsuliyyəti dərk etdi. Həm məşqçilər heyəti, həm də futbolçular oyundan oyuna artıraraq, birlikdə bu vəziyyətdən çıxmağı bacardıq".
Hüseynli Gəncə təmsilçisi ilə mövsümün sonunda bitəcək sözləşməsinin uzadılma ehtimalının olduğunu bildirib: "Müqaviləmdə 1+1 şərti var. Burada qalmağım üçün qarşılıqlı razılaşma olmalıdır. "Qarabağ" və "Turan Tovuz"la oyunumuz var. Maksimum nəticə əldə edərək turnir cədvəlində daha yuxarı yüksəlmək istəyirik".
O, növbəti mövsümdən ləğv olunacaq legionerlər limitinə görə yerli futbolçuların özlərini sübüt etməli olduqlarını vurğulayıb: "Bu qərarın xeyirli olub-olmadığını gələn mövsüm biləcəyik. Yerli futbolçular daha çox çalışmalıdırlar".
Haşım MƏMMƏDOV