
Rusiya Premyer Liqasının qalibi son turda müəyyənləşib.
Sportnet.az xəbər verir ki, "Krasnodar" klubu tarixində ilk dəfə ölkə çempionu olub.
Komanda bu hüquqa sonuncu turda "Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin rəhbərliyi ilə yiyələnib.
XXX turda Moskva "Dinamo"sunu qəbul edən "Krasnodar" 3:0 hesablı qələbə qazanıb. "Qarabağ"ın sabiq qolkiperi Andrey Lunyovun qoruduğu qapıdan topları Con Kordoba 47-ci, Nikita Krivtsov 82-ci və penalti ilə Eduard Spertsyan 90+9-cu dəqiqədə keçirib.
Bununla da xalını 70-ə çatdıran Musayevin komandası ən yaxın izləyicisi "Zenit"i 1 xal qabaqlayaraq, qızıl medallara sahib çıxıb.
Son turda "Axmat"ı 3:0 hesabı ilə yenən Sankt-Peterburq komandası isə gümüş medalla kifayətlənib. Bürünc medal isə 59 xala malik MOİK-ə qismət olub.