
"Şamaxı" klubu baş məşqçi Ayxan Abbasovla bağlı qərar qəbul edib.
Bu barədə Sportnet.az-a klubun İdarə Heyətinin sədri Elçin Usub məlumat verib.
Onun sözlərinə görə, 44 yaşlı mütəxəssislə yollarına davam edəcəklər: "Futbol ictimayyətini maraqlandıran sual Ayxan Abbasovun qalıb-gedəcəyi idi. Artıq onun burada qalması sual altında deyil. O, bizimlə davam edəcək".
Usub bildirib ki, mövsümün əvvəlində qarşıya qoyulan məqsədin yerinə yetirildiyi bir şəraitdə oyunçuları Azərbaycan Premyer Liqasında son turun "Qarabağ"la matçında kökləmək çətin idi: "Digər tərəfdən, zədəlilərimiz, mövsümü erkən bitirən legionerlərimiz var idi. Bəzi futbolçular isə bəlli səbəblərdən artıq bizimlə deyillər. Buna baxmayaraq, hesab edirəm ki, azarkeşlər maraqlı oyun izlədilər. Ona görə də komandamıza minnətdaram".
Qeyd edək ki, "Şamaxı" son turda "Qarabağ"a 0:1 hesabı ilə uduzub.