
İcarə əsasında İtaliyanın "Fiorentina" klubunda çıxış edən Türkiyənin "Qalatasaray" komandasının futbolçusu Nikolo Zaniolo gənc futbolçulara hücum etməkdə ittiham olunur.
Sportnet.az xəbər verir ki, bu barədə İtaliyanın digər təmsilçisi "Roma" rəsmi bəyanat yayıb.
Bəyanatda Zaniolonun İtaliya Primaverasının (20 yaşadək) "Fiorentina" - "Roma" matçından sonra rəqib komandanın soyunub-geyinmə otağına daxil olaraq paytaxt təmsilçisinin gənclər komandasının bəzi oyunçularına qarşı təxribat xarakterli davranışa başladığı bildirilir. Mübahisə zamanı "Roma"nın iki oyunçusu fiziki hücuma məruz qalıb.
26 yaşlı yarımmüdafiəçi hadisə ilə bağlı açıqlama yayaraq "Roma" futbolçularının onu təhqir etdiklərini söyləyib: "Qələbə münasibətilə "Fiorentina"nın üzvlərini təbrik etməyə getdim, sonra "Roma"nın oyunçularına baxdım - amma onlar məni təhqir etməyə başladılar və vəziyyəti daha da pisləşdirməmək üçün oradan getməyi üstün tutdum".
Qeyd edək ki, Nikolo Zaniolo 2018-ci ilin yayından 2023-cü ilin qışınadək "Roma"nın şərəfini qoruyub.