
"2024-cü ilin yekunları ilə bağlı cənab Prezidentin idman ictimaiyyəti ilə görüşündə etdiyi “görkəmli idmançılar işğaldan azad olunmuş bölgələrə səfər etməlidir” xüsusi çağırışı artıq reallaşmağa başlayıb".
Sportnet.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Nazirlik rəsmisi işğaldan azad olunan,10 000-dən çox insanın məskunlaşdığı bu ərazilərdə xüsusilə gənclər və uşaqlar üçün nümunəvi görüşlərin keçirilməsinin vacib sayıldığını deyib.
Məmmədov bu gün "Qarabağ" futbol klubunun bölgəyə səfərindən danışıb: "Bu təşəbbüsü ilk reallaşdıran “Qarabağ” Futbol Klubu oldu. Klubun rəhbərliyi, məşqçilər korpusu və futbolçuları böyük ruh yüksəkliyi ilə səfərə qoşularaq bir neçə vacib proqramı həyata keçirdilər. Şuşada şəhər sakinləri, məktəblilər və yerli ictimaiyyətlə görüş, Xankəndi Universitetində tələbələrlə müzakirələr və sual-cavab sessiyası, həmçinin, cənab Prezident tərəfindən təməli qoyulmuş “İmarət” stadionuna baxış, ardınca rayon əhalisi ilə görüş baş tutdu.
Hər üç ünvanda sevincli mənzərə hökm sürürdü. Gənc, yaşlı, uşaq, bir sözlə, hər kəs idman nümayəndələrini böyük məhəbbətlə qarşıladı. Səfər bölgə sakinlərinə müsbət enerji bəxş etməklə yanaşı, idmançılar üçün də unudulmaz təcrübə oldu".
Onun sözlərinə görə, baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyinin dəstəyi nəticəsində gerçəkləşən bu təşəbbüsün digər idman növləri üçün də davamlı nümunə olacağı gözlənilir: "Səfərin təşkilinə töhfə verən “Qarabağ” kollektivinə, xüsusilə Qurban müəllimə, klub rəhbərliyinə və futbolçulara dərin təşəkkürümüzü bildiririk. Azərbaycan idman ictimaiyyətinin nümayəndələrini bu xoş təşəbbüsü davam etdirməyə çağırırıq".
Məmmədov Xankəndi Universitetinə ziyarəti zamanı komandanın necə qarşılanmasından və yerli əhali tərəfindən gördükləri münasibətdən söz açıb: "Xüsusilə qeyd etmək istərdim ki, ən xoş və qürurverici məqamlardan biri orada Mədəniyyət fakültəsinin fəaliyyət göstərməsidir.
Bu, təkcə təhsil baxımından deyil, həm də bölgədə həyatın canlandığının və mədəni irsimizin qorunduğunun bariz nümunəsidir.Tədbir zamanı bizim futbolçularla birgə oradakı tələbələrin və müəllimlərin hazırladıqları “Qarabağ” ifasını hamılıqla dinlədik. Həmin an elə bir həmrəylik hiss olundu ki, sanki hamımız bir ailə kimi eyni hissləri yaşayırdıq.
Bu, çox duyğulu və anlamlı bir an idi. Bir daha sübut olundu ki, burada yaşayan insanlara belə sevincləri yaşatmaq, bu bölgələrin dirçəldiyini görmək bizim üçün böyük qürurdur. Bu şəraiti yaradan, bizə bu hissləri yaşadan cənab Ali Baş Komandana öz dərin təşəkkürümüzü bildiririk. Əlbəttə, bu torpaqları bizə miras qoyan, canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların fədakarlığı heç vaxt unudulmayacaq".