
Azərbaycan İdman Akademiyasının (ASA) komandası Xorvatiyanın paytaxtı Zaqrebdə tələbələr arasında futzal üzrə Avropa çempionluğu ilə yanaşı, fərdi mükafatlar da qazanıblar.
Sportnet.az xəbər verir ki, Ağaseyid Qasımov yarışın ən yaxşı qapıçısı seçilib.
O, həmçinin komanda yoldaşı Xəzər Ağəlizadə ilə birlikdə 5 oyunçudan ibarət simvolik "ulduzlar komandası"na da düşüb.
Daha əvvəl Qasımov Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatında qızıl medal qazanmışdı. Beləliklə, 28 yaşlı qolkiper 1 iyundan 25 iyuladək olan 54 gün ərzində həm dünya, həm də Avropa çempionu titullarına sahib çıxıb.
Qeyd edək ki, 16 ölkədən 30 ali məktəb komandasının qatıldığı Avropa çempionatında ASA minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev və futzal üzrə yığmanın sabiq baş məşqçisi Vitali Borisovun rəhbərliyi altında mübarizə aparıb. Bu kollektiv finalda İspaniyanın Valensiya Universitetini üstələyib - 7:2. Üçüncü yeri isə İspaniyanın Kastilya La Mança Universiteti tutub.