
“Kimə sual versəniz, şansları 80/20 olmaqla Azərbaycan komandasının xeyrinə bölər. Rəqibə heç bir şans verməmək də düzgün deyil. Belə demək olarsa, onların cüzi şansları var”.
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və İrlandiyanın “Şelburn” komandası arasında keçiriləcək cavab görüşü barədə danışarkən deyib.
59 yaşlı mütəxəssis qonaqların Bakıdan əliboş qayıdacaqlarını proqnozlaşdırıb: “Futbolda “heç vaxt "heç vaxt" demə” ifadəsi var. İlk matçda 0:1 hesabı ilə uduzduğun halda, cavab görüşündə 6:1 də qalib gəlmək mümkündür. Amma rəqibə və “Qarabağ”ın gücünə baxdıqda bu, olduqca mümkünsüz görünür. Tam imkansız demək də düzgün olmaz, sadəcə, rəqibin geridönüş imkanı çox aşağıdır".
"Qarabağ"ın sabiq baş məşqçisi Ağdam təmsilçisinin ilk oyunda səfərdə 3:0 hesablı qələbə ilə növbəti mərhələni faktiki təmin etdiyini vurğulayıb: “Cavab görüşündə “Qarabağ” aşkar favorittir. Ancaq bu, futboldur, rəqibi ciddi qəbul etməlidirlər. Baxmayaraq ki, hesab 3:0 “köhlən atlar”ın xeyrinədir, futbolda hər şey mümkündür. “Qarabağ”ın bir ayağı növbəti mərhələdədir. Düşünmürəm ki, bu fürsəti əldən verərlər. Lakin “Şelburn” da göstərdi ki, sıradan rəqib deyil, onlara barmaqarası baxmaq olmaz. Fikrimcə, “Qarabağ” səfərdə layiqli oynadı və bu gün onun davamı gələcək".
Diniyev Qurban Qurbanovun kollektivinin bu gün rəqibi meydanda necə qarşılayacağından da danışıb: “Biz “Qarabağ”ı rəqibdən daha yaxşı tanıyırıq. “Köhlən atlar” kiminlə oynamağından asılı olmayaraq, həmişə öz futbolunu sərgiləyir. Onların dominant oyun üslubu var: topa nəzarət, hücumların təşkili və s. Bu gün də istisna olmayacaq, yenə də öz oyunlarından əl çəkməyəcəklər. “Qarabağ” geri oturmağı sevmir. Düşünmürəm ki, topu rəqibə verib əks-hücumlara ümid edəcəklər. Həmişəki kimi, dominant futbol nümayiş etdirməyə çalışacaqlar".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:00-da start götürəcək. Matçı italiyalı baş hakim Andrea Kolombo idarə edəcək. “Qarabağ” mərhələ adlayacağı təqdirdə, FKSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.