
"Bir daha futbol barədə danışmayacağam".
Sportnet.az xəbər verir ki, bunu Rumıniyanın FCSB klubunun prezidenti Cici Bekali komandasının Şimali Makedoniya "Şkendiya"sına 1:2 hesabı ilə məğlub olaraq UEFA Çempionlar Liqasında mübarizəni dayandırmasını şərh edərkən deyib.
67 yaşlı funksioner məğlubiyyəti biabırçılıq adlandırıb: "Hamınızı təbrik edirəm, məndən daha yaxşı dua edirdiniz. 3 - 5 ay ərzində futbol barədə danışmamaq qərarını aldım. Baş verənlər əsl biabırçılıqdır. Klubun uğurları mənə danışmaq haqqı verirdi, amma bundan sonra nə deyə bilərəm? Komanda mənə gülünc hala salırsa, danışmaq hüququm var? İndi sizinlə birlikdə mən də gülürəm. UEFA Avropa Liqasında əsas mərhələyə yüksələ bilsək, danışacağam. Amma indi ağzımı tikmək məcburiyyətindəyəm".
Bekali Avropa Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları Kosovonun "Drita" klubunu zəif adlandırıb: "Əsas mərhələyə yüksəlsək, sevinəcəyəm. "Drita" bizi üstələsə, futboldan gedəcəyik. Belə də olmalıdır, çünki bu rəqibdən daha zəifi yoxdur".
Qeyd edək ki, Cici Bekali bir müddət öncə "Şkendiya"nı məğlub edəcəklərini və növbəti mərhələdə potensial rəqib olan "Qarabağ"ı asan rəqib adlandırmışdı.