“Bu gün meydanda təmsilçimizi uğurlara doymayan bir komanda, rəqibi isə uğura ac, istəkli və sona qədər mübarizə aparan kollektiv kimi görəcəyik. Fikrimcə, son sözü keyfiyyət, səviyyə və təcrübə deyəcək. Bunlar isə Azərbaycan çempionunda lazımi qədər var”.

 

Bu sözləri Sportnet.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri, veteran futbolçu Vaqif Sadıqov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada baş tutacaq “Şkendiya” – “Qarabağ” oyunu barədə danışarkən deyib.

 

66 yaşlı mütəxəssis ilk görüşün səfərdə olmasına baxmayaraq, Ağdam təmsilçisinin favorit olduğunu bildirib: “Qarabağ”a hər zaman böyük ümidlər bəslənilir. İndiki məqamda Ağdam klubu elə vəziyyətdədir ki, daha böyük uğura imza ataraq bütün azarkeşləri sevindirə bilər. Nə qədər çətin olsa da, “Qarabağ” səfərdən uğurla qayıda bilər. Bu gün əldə olunacaq müsbət nəticə pley-off mərhələsinə yüksəlmək üçün böyük zəmin yaradacaq. “Şkendiya” bizə tanış rəqibdir. İnanıram ki, ilk matçda müsbət nəticə qazanmaqla, növbəti mərhələyə doğru inamlı addım atacaqlar”.

 

Sadıqov oyundan öncə şansları bərabər hesab edib, “köhlən atlar”ın rahatlaşmamalı olduğunu qeyd edib: “Yalnız ilk qoldan sonra hansı komandanın şansının artacağı bəlli olacaq. Nisbi üstünlüyü “Qarabağ”da görürəm. Amma hələlik hər şey kağız üzərindədir. Qurban Qurbanovun da dediyi kimi, “Qarabağ” bu görüşdə diqqətli olmalı və bütün gücünü sərf edərək cavab oyununa müsbət zəmin hazırlamalıdır. Hər şey komandamızın əlindədir və inanıram ki, tam üstün olduğunu matçın sonunda görəcəyik”.

 

Qeyd edək ki, Skopyedəki “Todor Proyeski” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab oyunu isə avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.