
“Kenan Piriçdən əvvəl komandada çıxış edən yerli oyunçular var. Yəqin, onlar kapitanlığa layiq görülmədikləri üçün bir-iki gündür komandaya gələn futbolçuya sarğı həvalə ediblər”.
Bu sözləri Sportnet.az-a açıqlamasında veteran futbolçu Mahir Şükürov "Neftçi"də kapitanlıq seçimi barədə qərara münasibət bildirərkən deyib.
Həmin qərara əsasən, yarımmüdafiəçi Emin Mahmudov əsas kapitan, qapıçılar Emil Balayev və Kenan Piriç vitse-kapitanlar seçilib. “Neftçi”nin sabiq lideri vitse-kapitanlığın komandanın yeni transferlərindən olan Bosniya və Herseqovina millisinin qolkiperinə verilməsini doğru qərar hesab etməyib: “Deməli, azərbaycanlı futbolçulardan lider olan yoxdur ki, legionerə kapitanlıq sarğısını tapşırıblar. Xarici oyunçu olsa belə, ən azı bu klyubda 3-4 il oynamalıdır ki, kapitanlıq sarğısını daşıya bilsin. Bizim vaxtımızda o boyda Flavinyoya kapitanlıq vermirdilər. Mən “Neftçi”yə yeni keçmişdim, kapitalığı Elvin Yunuszadəyə tapşırmışdılar. Halbuki o, daha öncədən komandada oynayırdı. Həmin vaxt Rəşad Sadiqov meydana çıxmırdı, azərbaycanlılar arasından Yunuszadəni seçmişdilər. Bizim vaxtımızla indiki arasında yerlə-göy qədər fərq var. Dünən gələn bir oyunçuya kapitanlıq verilməsi, bilmirəm, nə qədər doğrudur. O halda verilər ki, Avropada ad-sanlı klubda çıxış etsin, böyük karyeraya malik olsun. Onu gətirib kapitan edirlər ki, komandanı arxasınca daşısın, yəni klubun planlarına uyğun hərəkət etsin. Hər halda, bu, Samir Abasovun qərarıdır. Yəqin elə istəyib, elə də edib”.
Şükürov sarğının yenidən Emin Mahmudova qaytarılmasını gecikmiş qərar hesab edib: “Samir Abasov ilk gəldiyi gündən bu qərarı verməli idi. Ona görə ki, böyük-kiçik var. Götürdü, cavan qapıçıya həvalə etdi. Ondan əvvəlki baş məşqçi, yəni Roman Qriqorçukun futbolçu və ya rəhbərliklə hansısa problemi olub, dəyişdirib. Gərək Abasov “Neftçi”yə gələn kimi kapitan sarğısını verərdi”.
“Ağ-qaralar”ın sabiq kapitanı gənc qolkiper Rza Cəfərovun lider seçilməsini də yanlış addım hesab edib: “Kapitanlığın onda qalması doğru olmazdı. Cavan oyunçunun kapitan sarğısını daşımasının əleyhinəyəm. Çünki püxtələşmiş futbolçu lazımdır ki, komandada söz sahibi olsun”.
Qeyd edək ki, Mahir Şükürov 2006-cı ilin iyulundan 2007-ci ilin iyulunadək, 2012-ci ilin iyulundan 2014-cü ilin avqustunadək və 2016-cı ilin oktyabrından 2017-ci ilin iyulunadək "ağ-qara” formanı geyinib. O, karyerasını “Neftçi”də başa vurub.